Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılmasının praktiki tərəfləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.
Həmçinin, ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Dövlət başçıları bundan sonra da Azərbaycan – Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi niyyətində olduqlarını ifadə ediblər.
Bununla yanaşı, söhbət zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, dövlət başçılarının telefon danışığı müvafiq bəyannamələrin icrasına həsr olunub:
“Həm atəşkəsə riayət olunması, həm də atəşkəsdən sonra müvafiq kommunikasiyaların bərpasına dair məsələlər və əldə olunan razılıqların icrası müzakirə mövzusu idi. Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərindən də danışılıb. Lakin əsas məsələ tezliklə hər bir istiqamətdə əldə edilən razılıqların icrasıdır. Çünki Ermənistan indi seçkiləri və ölkədaxili problemləri bəhanə gətirərək, Ermənistan-Azərbaycan sərhəddinə keçib, bəzi təxribatlara yol verir”.
Parlament üzvünün sözlərinə görə, vacib məsələ ondan ibarətdir ki, Azərbaycanla Rusiya bütün razılaşmaların həyata keçməsi üçün müvafiq addımlar atmalıdır:
“İndiyə qədər yaradılan işçi qruplarının çalışmasından nailiyyətlər gözləyirik. Fikrimcə, bu telefon danışığından sonra proseslər kifayət qədər sürətlənəcək. Çünki Ermənistanın seçki bəhanələri qaldırılıb. Ermənistan rəhbərliyi bilməlidir ki, seçkilərin nəticəsi ilk növbədə erməni xalqının sülh istəkləri və sülhə səs vermələrindən ibarət oldu. Yəni revanşist qüvvələrə, müharibə cinayətləri törətmiş namizdələrə səs verilmədi. Ona görə də bütün istiqamətlərdə razılıqların icrasına dair sürətli işlər başlamalıdır. Bunun müsbət nəticəsi həm Azərbaycan, həm də Rusiyanın maraqlarına uyğundur”.