Ordudakı təyinatlara SÖZARDI: 5-ci korpus elit qüvvələr olacaq? - İZAH    

"Müdafiə Nazirliyi sistemindəki yeni təyinatlarla bağlı bəzi suallar meydana çıxıb. Məlumdur ki, Azərbaycanda 4 ordu korpusu var, bir də Naxçıvan Əlahiddə Ümumqoşun Ordu. Əlahiddə Ordu əvvəllər 5-ci ordu korpusu kimi fəaliyyət göstərən hərbi birliyin bazası əsasında yaradılmışdı. 
Ehtiyatda olan 6-cı korpus da var idi (bəs 5 hansı idi?) və müharibə zamanı rezervlikdən çıxıb döyüşlərə atıldı". 
Bu fikirləri "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Aqşin Kərimov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ötən günkü sərəncamı ilə general-mayor Kənan Seyidov Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib:

"İndi üç versiya var: Birinci, beşinci korpus yeni yaradılıb, ikinci, əvvəldən mövcud olub, sadəcə açıqlanmayıb, üçüncü, 6-cı korpusun bazasında yaradılıb. 

Digər məqam: Korpus komandiri Prezidentin sərəncamı ilə təyin edilmirdi. Bəs 5-ci ordu korpusuna komandir təyinatı niyə ölkə başçısının sərəncamı əsasında baş tutdu? 

Versiyalardan asılı olmayaraq, onu söyləmək mümkündür ki, Böyük ehtimal 5-ci korpus xüsusi qoşun növlərindən ibarət hərbi hissələrin birləşməsidir, orduda elit qüvvələr sayılır. Ona görə də, Kənan Seyidovun ora təyinat alması təsadüfi deyil".