Vüqar Tofiqli:“Əhalidən alınan kommunal xidmətlərlə bağlı maliyyənin ƏDV-nin bir hissəsi həmin ərazinin bələdiyyəsinin büdcəsinə keçirilir”
“Nəticədə bu da vətəndaşların hansısa problemlərinin aradan qaldırılmasına yönəlir”
Bələdiyyələrin maliyyə istiqamətləri yetərincə hesab olunsa da, ilbəil bu maliyyə mənbələrinin ya istiqaməti dəyişdirilib, ya da ləğv edilib. Bu günədək reklamla, avtodayanacaqla, avtomobillərdən daxil olan əmlak vergisindən və digər istiqamətləri misal çəkmək olar. Belə bir vaxtda torpaq və əmlak vergisinin ümidinə qalan bələdiyyələr büdcələrinə daha hansı mənbələrdən daxil olan maliyyəyə “bel” bağlaya bilər.
Bu barədə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib.
O qeyd edib ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə əhaliyə verilən qazın, suyun və enerjinin satışından alınan maliyyənin əlavə dəyər vergisinin müəyyən bir hissəsi həmin ərazinin bələdiyyəsinin büdcəsinə keçirilir. Və bu da kifayət qədər vəsait edir:
“Ölkəmizdə qanunvericilikdə dəyişiklik edilmiş olsa, bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər.
Məntiqlə götürsək, bu həqiqətən həyata keçirilən bir məsələdir. Ölkəmizdə buna bənzər layihə olan “Ədvgerial” xeyli müddətdir uğurla icra edilməkdədir. Bu prosesin icrası ilə bağlı əldə ediləcək vəsait nəticə etibarilə sakinlərimizin problemlərinin həllinə yönələcək. Hər halda düşünməyə dəyər”.
Sözügedən təklifin orijinal olduğunu deyən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a vurğulayıb ki, təklifin həyata keçməsi üçün Milli Məclisin müvafiq qurumları məsələni müzakirəyə çıxarmalıdır:
“Yalnız qeyd edilən təklif deyil, bələdiyyələrlə bağlı digər məqamlara da diqqət çəkə bilərik. Məsələn, qanunvericilikdə müəyyən boşluqlar var ki, onunla bağlı da addımlar atmalıyıq. Dünya təcrübəsində də belə məqamlar var. Yəni əhalidən alınan kommunal xidmətlərlə bağlı maliyyənin əlavə dəyər vergisinin müəyyən bir hissəsi həmin ərazinin bələdiyyəsinin büdcəsinə keçirilir.
Nəticədə bu da vətəndaşların hansısa problemlərinin aradan qaldırılmasına yönəlir. Ona görə də bu təklifi ictimailəşdirib tətbiq etmək lazımdır”.