“Caliber” layihəsinin növbəti təhlili yayımlanıb. “Youtube” hesabında paylaşılan təhlil videosunda bu günlərdə Xankəndidə eşidələn partlayış səslərinin səbəbi və baş vermiş yanğınla bağlı diqqətçəkən məqamlar şərh olunub.
Erməni tərəfi partlayışların meşə yanğınları səbəbilə olduğunu iddia etsə də, layihə müəllifləri bunun arxasında dayanan digər səbəbləri üzə çıxarıb. “Caliber” materialda Xankəndi ətrafındakı yanğında ermənilərin beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq istifadə etdikləri fosfor bombalarının izinin olmasını istisna etməyib.
Mövzunu “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Vətən müharibəsində də ermənilərin fosfor bombalarından istifadəsinə dair konkret faktlar var:
“Təbii ki, fosfor məhz Xankəndidən gətirilirdi. Ola bilsin ki, Xankəndidə bəzi sursatlar qalıb, o cümlədən də ağ fosfor. Bu sursatları da orada gizlədirlər. Düşünürəm ki, ağ fosforu Xankəndidən çıxarmalı olsalar, o zaman məlumat sıza bilər ki, beynəlxalq konvensiya ilə qadağa qoyulan döyüş sursatı saxlayırlar. Təbii ki, Xankəndidəki hadisə meşə yanğını deyil. Çünki anbarlar dünən tikilməyib və ətraf meşə olduğu üçün müəyyən qoruyucu tədbirlər görülməmiş olmazdı. Bəlkə, ağ fosfor hansısa ehtiyatsızlıq ucbatından yanğının yaşanmasına səbəb olub. Fikrimcə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə hələ çox hadisələrin şahidi olacağıq”.
Ş.Ramaldanovun qənaətincə, ağ fosfor bir daha göstərdi ki, Rusiyanın nəzarətində olan ərazilərin özünü daim diqqətdə saxlamaq lazımdır:
“Monitorinq Mərkəzi daha aktiv, dəqiq və məqsədyönlü işləməlidir ki, müəyyən məlumatları əldə edək. Yəni rus sülhməramlıların yerləşdikləri ərazilərin hamısı Azərbaycanındır. Təbii ki, sahib olduğumuzu əraziləri də nəzarətimizdə saxlamalıyıq”.