“Təxribatların qarşısı alınır. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”
“Ordumuzun bütün bölmələrinin təchizatı yüksək səviyyədədir. Müharibənin başlanacağına inanmıram”
“Çünki Ermənistan silahlı qüvvələrinin hansısa hərbi əməliyyatlara girmək imkanı yoxdur”
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunda aparılan islahatlar bundan sonra da davam etdiriləcək.
Müdafiə naziri Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisini, o cümlədən qəhrəman Türk əsgərini 30 avqust – Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib.
Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.
Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yolların çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib. Nazir nizam-intizam və təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, eləcə də hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov nazirin açıqlamaları barədə “Sherg.az”a danışdı:
“Zakir Həsənov mütəmadi olaraq xidməti müşavirələr keçirir və ordunun döyüş qabiliyyətinin artırılması, yerlərdəki vəziyyətin təhlili ilə bağlı tapşırıqlar verir. Yəni fövqəladə bir şey yoxdur. Bütün fəaliyyət döyüş proqramına uyğun tənzimlənir”.
Ş.Ramaldanovun fikrincə, silahlı qüvvələrimiz istənilən ssenariyə hazırdır:
“Son zamanlar yaranan gərginlik Ermənistandakı revanşist qüvvələrin işidir. Belə ki, baş nazir Nikol Paşinyan faktiki olaraq ölkədə söz sahibi deyil. Və etirazçılar bundan istifadə edirlər. Amma təxribatların qarşısı alınır. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Ordumuzun bütün bölmələrinin təchizatı yüksək səviyyədədir. Müharibənin başlanacağına inanmıram. Çünki Ermənistan silahlı qüvvələrinin hansısa hərbi əməliyyatlara girmək imkanı yoxdur. Prezident İlham Əliyev regionda sülh, əməkdaşlıq arzumuzu dəfələrlə dilə gətirib. Amma biz hər şeyə hazır olmalıyıq. Düşmən bilməlidir ki, onun istənilən addımına adekvat cavab veriləcək. “Dəmir yumruq” hələ də havadadır və düşməni əzməyə hazırdır”.