Zakir Həsənov təxribatlara adekvat cavab verilməsini əmr edib
İlyas Hüseynov:"Ordumuzun döyüş hazırlığına gətirilməsi silahlı qüvvələrimizin mənəvi, psixoloji ruhuna müsbət təsir edən amillərdəndir"
Asif Nərimanlı:"İstisna deyil ki, Bakı və Ankara erməni terrorçulara qarşı atılacaq mümkün addımlara və hərbi planlara qərar verib"
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsini, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib. Azərbaycan ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib. Nazir nizam-intizam və təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, eləcə də hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan daim regionda gərginliyin artırılmasına çalışır. Onun sözlərinə görə, bölgədə daim Rusiya sülhməramlı qüvvələrinin qanunsuz fəaliyyəti də açıq-aydın şəkildə özünü göstərir ki, bu da Azərbaycan tərəfinin müvafiq tədbirlər görməsini labüd edir:
"Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə döyüş hazırlığının artırılması və onun daim yüksək vəziyyətdə saxlanılması dövlətimizin diqqət mərkəzindədir. Qeyd edim ki, bir müddət bundan öncə də bu tipli xidməti müşavirə keçirilib. Eyni zamanda, Müdafiə Nazirliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələrinin qanunsuz fəaliyyətinə dair də müvafiq açıqlama verilib. O da bildirilib ki, Şuşakənd və Muxtarkənd ərazilərində yeni mühəndis istehkam qurğuları formalaşdırılır, həmçinin Laçın və Kəlbəcər rayonlarının şərq istiqamətində Ermənistan tərəfi döyüş postları təsis edir. Təbii ki, bu, regionda gərginliyin artırılmasına xidmət edən addımlardır və bunu heç bir vəchlə Ermənistanın sülh razılaşmasına hazırlığı kimi dəyərləndirmək olmaz. Digər tərəfdən Ermənistanda yeni formalaşmış hökumətin Müdafiə naziri Arşak Karepatyan davamlı olaraq rusiyalı həmkarı ilə təmasdadır. O, Rusiyada keçirilən silah sərgilərində iştirak edir, Rusiyanın müasir texnologiyaları ilə maraqlanır və döyüş arsenalının artırılması istiqamətində müasir texnologiyaların əldə olunmasında xüsusi israr göstərir. Eyni zamanda, Ermənistan Müxalifət Partiyasının çıxışları yenidən onların revanşist ritorikaya, revanşist əhval-ruhiyyəyə sadiq olmalarını açıq-aydın göstərir. Buna görə də Azərbaycan Müdafiə Nazirliyi bu istiqamətdə müvafiq tədbirlər görür".
İ.Hüseynov diqqətə çatdırıb ki, bu gün Azərbaycan ordusunda islahatlar gedir və bu islahatlar döyüş qabiliyyətinin artırılmasına dair bütün komponentləri özündə əxz edir:
"Müdafiə Nazirliyi həm silahlı qüvvələrimizin, həm hərbi qulluqçularımızın, həm də mülki vətəndaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaq üçün daim müvafiq tədbirlər həyata keçirir. Xidməti müşavirə də bu təhlükəsizlik tədbirlərinin tərkib hissəsidir. Xüsusən, hərbi qulluqçularımız ərazilərimizin partlamamış sursatlarla dolu olmasını nəzərə alaraq həmin ərazilərdə xüsusi ehtiyatla davranmalıdır. Buna görə də daim təlimlərin keçirilməsi xüsusilə önəmlidir. Bundan başqa, Ermənistan tərəfi son dövrlər ərazilərin yandırılmasına təşəbbüslər göstərir. Təbii ki, bu cür təxribatların qarşısının vaxtında və operativ qaydada təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməlidir. Digər önəmli xüsus da ondan ibarətdir ki, bu tipli tədbirlərin keçirilməsi, ordumuzun döyüş hazırlığına gətirilməsi silahlı qüvvələrimizin mənəvi, psixoloji ruhuna müsbət təsir edən amillərdəndir. Ona görə də davamlı olaraq təlim məşqlərin keçirilməsi mühüm aktuallıq kəsb edir. Həmçinin, Azərbaycan 21-ci əsrin çağdaş dövrün ordusu olduğu üçün ən müasir texnologiyaları tədqiq edir. Ona görə də bu cür təlimlərin keçirilməsi təqdirəlayiqdir".
Siyasi analitik Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, müdafiə naziri bundan öncə də eyni səpkili göstərişlər vermişdi. O qeyd edib ki, lakin bu dəfə diqqətçəkən iki məqam var:
" Birincisi, Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşdü və Qarabağdakı vəziyyəti də müzakirə etdi. İstisna deyil ki, Bakı və Ankara erməni terrorçulara qarşı atılacaq mümkün addımlara və hərbi planlara qərar verib. İkincisi, əmr sentyabrın 2-dən – erməni separatçı-terrorçuların qondarma “müstəqillik günü” keçirəcəyi tarixdən öncə verildi. Bakı ordusunu mümkün siyasi və hərbi təxribatlara hazır vəziyyətə gətirir. Çünki sentyabrın ilk həftəsində erməni təxribatının genişlənəcəyi istisna deyil".