Ədalət Verdiyev: "Məcbur deyil ki, bir ölkə hansısa başqa bir ölkədə sülhməramlı kontingentə sahib olsun"
NATO qüvvələri tərkibində 2002-ci ildən Əfqanıstan İslam Respublikasında öz missiyasını başa çatdıran Azərbaycanın sülhməramlı kontingenti artıq Vətənə döndü. Məlumdur ki, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirirdi. Sülhməramlı qüvvələr tərkibində olmuş tağım komandiri, gizir Sahil Həşimov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanın hərbi qulluqçuları Kabil hava limanında mülki şəxslərin təxliyəsinin təşkilində iştirak edib. Mülki şəxsləri humanitar yardımla – yemək və su ilə təmin ediblər. S.Həşimov Azərbaycan Ordusunda qulluq etməkdən qürur duyduğunu da qeyd edib. Təbii ki, hər bir azərbaycanlı da ordumuzun əsgər və zabitlərinin harada qulluq etməsindən asılı olmayaraq onlarla fəxr edir.
Sülhməramlı qüvvə olmaq isə şübhəsiz ki, hərbi qulluqçuların üzərinə daha böyük məsuliyyət qoyur. Mülki əhalinin təhlükəsizliyini təmin etmək, döyüş bölgəsində düşmənlə üz-üzə gəlmək qədər çətin və şərəfli işdir. Vətənə qayıtmış Azərbaycan sülhməramlıları bundan sonra hansı missiyanı daşıyacaq, xidməti vəzifələrini hansı istiqamətdə davam etdirəcəklər?
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bildirdi ki, sülhməramlıların bundan sonrakı fəaliyyəti barədə danışmaq hələ tezdir:
- Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingenti bir bölükdən ibarət idi. Və NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirak edirdilər. Son proseslər zamanı isə Kabil Beynəlxalq Hava Limanının mühafizəsini yerinə yetirdilər. Bilirsiniz ki, sülhməramlılar Vətənə döndükdən sonra Kabil aeroportu raket hücumuna məruz qaldı. Bu fakt, bizim sülhməramlıların necə ağır şəraitdə fəaliyyət göstərdiyini bir daha təsdiq edir. Onsuz da Əfqanıstanı “imperiyalar qəbiristanlığı” adlandırırlar.
Bu ölkəyə kimlər, hansı dövlətlər iddia etməyib ki?! Əfqanıstanda ötən əsrdən alovlandırılan atəş hələ də sönməyib, nə vaxt sönəcək, o da bilinmir. Qaldı bizim sülhməramlıların bundan sonrakı fəaliyyətlərinə, bu tək Azərbaycandan asılı məsələ deyil. Gərək hansısa ölkə sülhməramlı kontingent üçün müraciət etsin, müraciət olunan ölkə parlamentində müzakirələr aparılsın, sonunda ölkə Prezidenti hansısa ölkəyə sülhməramlı kontingentin iştirakı ilə bağlı qərarı təsdiqləsin.
NATO-ya da belə bir müraciət daxil ola bilər. Yenə də məsləhətləşmələrlə bu məsələ həllini tapacaq. Məcbur deyil ki, bir ölkə hansısa başqa bir ölkədə sülhməramlı kontingentə sahib olsun. Ola da bilər, olmaya da. Bizim sülhməramlılar hazırda daimi yaşayış məntəqələrindədir. Gündəlik məşğələlərini, təlimlərini, döyüş hazırlığını davam etdirirlər. Azərbaycan sülhməramlıları ilə bağlı hələ ki, yeni təklif yoxdur. Təklif olarsa, dəyərləndiriləcək.
Ə.Verdiyev qeyd etdi ki, Əfqanıstandakı Azərbaycan sülhməramlıları xidməti vəzifələrini tam başa vurub Vətənə qayıdıb:
- Halbuki sülhməramlı qüvvələr tərkibində olan Ermənistan hərbi qulluqçuları siyasi vəziyyət dəyişən kimi, “Taliban”ın hücumunu görüb missiyalarını yarımçıq saxlayıb geri qayıtdılar. Azərbaycan sülhməramlıları isə sonadək vəzifələrini icra etdi, mülki şəxslərin təxliyəsində iştirak etdilər, əhaliyə yardım göstərdilər.