Gənc rəssam klassiklərimizi müasirləşdirdi - Fotolar


Yüzlərlə rəy yazıldı, bəyənənlərlə bəyənməyənlərin mübarizəsi gedir

Şahbaz Xuduoğlu: "Burada anormal nəsə axtarmağa dəyməz. Şəxsən mən ideyanı bəyəndim, rəsmlər də çox gözəl alınıb. Məsələn, Xurşidbanu

Natəvanın kafedə çay içməsi necə də incə, estetik görünür"


Sosial şəbəkədə klassiklərimizin yaşadığımız dövrə zahirən uyğunlaşdırılmış rəsmləri yayılıb. Rəsmlər “Əli və Nino” kitab evi tərəfindən təqdim edilib. “Gənc  və istedadlı rəssamın gözündən dahi klassiklərimiz - müasir dövrdə! Əsas ideyası  "Klassiklərimiz həmişə yaşayır!" olan bu yaradıcı nümunələr müasir dövrdə klassik yazarların daima öz aktuallığını qoruyub saxladığını, həyatın hər anında insanların yanında olduğunu ifadə edir”, cümlələri ilə təqdim olunan rəsmlərin müəllifinin adı isə göstərilməyib. Amma dünən sosial şəbəkədə ən çox müzakirə olunan məhz bu rəsmlər idi. Yüzlərlə rəy yazılmışdı. Bəyənənlərlə, bəyənməyənlərin mübarizəsi gedirdi.  Maraqlı olduğu üçün bəzisinə göz gəzdirək: 

Anar Məmmədli: Əladır. Bu gözəl işlərin müəllifi kimdir?
Sevda Sədəf: Adamın Natəvanla oturub çay içməyi gəlir.
El Vin: Elə bil KFC dedi...
Səbinə Cəfərova:  Nə zərurət vardı? Başqa ideyalar doğula bilmir? Bu dahilər yüzilliklər ötsə də onsuz da yanımızdadırlar, aktualdırlar. Onların həmişəyaşar olmaları məgər bu tip rəsmlər səbəbindənmi baş verib və ya verəcək????
İlahə Tağıyeva İbrahimli: İstedadlı ola bilər, şəkil olaraq maraqlı alınıb, amma mən dahilərimizin bu hala salınmasını sevmədim, bəyənmədim, yaraşdırmadım, düzgün hesab etmirəm. Rəssama bundan sonrakı fəaliyyətində uğurlar.
Mirseyfulla Həsənov:  Avropalılar Füzulini "Qəlb şairi" adlandırır, bu isə ona "Qərb şairi" imicini sırımaq istəyir, Xurşidbanu Natəvan Qərb mədəniyyətinə çox yaxşı bələd olduğu halda, onların platyalarını, şlyapalarını deyil, Azərbaycan milli donunu, yaşmağını tərcih edirdi, bu onu məcburi Qərb tərzinə salıb, Sabir "biz hələ avtomobil minməyiriz" deyirdi, bu ona "samokat"ı rəva görüb, "mən Xaqana yox, Xalqa məxsusam”,  deyən şairi xalq bu halda nə dərəcədə qəbul edərdi?

İsmayil Quluzadə: Çox lazımsız bir işdir. 
Oktay Quliyev: Siz evinizdəki qadınlarınıza düz-əməlli paltar geyindirə bilmirsiz, bu şəxsiyyətlərə paltar ölçürsüz?
Cavad Əsgərov: Bu şəxsiyyətləri bu hala salmaqdansa atalarını bu hala salıb qurdlarını öldürsünlər. 
Turan Xəlilov: Bunları müdafiə edən kəlçəbaşlar təsəvvür edin ata-babalarınızın şəkillərini bu cür çəkib paylaşırlar. Birini eşşəyin üstündə, birini, … qiyafəsində, birini motosikl üstündə ağzında siqar. ..Alqışlayın -  müasirlikdir.
 Şahin Əkbər: "Ali və Nino"nun reklamı baxımından ideya maraqlıdır, ancaq o şairlərin şeirləri və xarakterləri ilə şəkillər arasında bir əlaqə görə bilmədim. Bu adamları tanımayan biri şəkillərə baxaraq bu adamlar haqqında doğru fikir sahibi ola bilərmi?
 Alişah Talıbov: Qırağa çıxmadan abu-havanı qorumaq hər adamın işi deyil. Bu iş kimi. Ya bu işi kommersiya xətrinə yola verib, ya da elə bildiyi budur. Cox bərbad . “Ali Nino” yox, "Wolt" reklami olsaydı, hardasa başa düşülən olardı.
 Orxan Əliyev: Rəylərə baxıram, gülməyim gəlir. Bəziləri guya indi “bomba”dı da, tənqid edirlər. Xarici səhifələr öz dahiləri üçün hazırlasaydılar bunlara kreativlik deyərdilər. Bunlar da guya öz aləmində rəy yazıblar. Bravo “Ali və Nino”. Gözəl və kreativ paylaşım üçün təşəkkürlər!
 Fuad Əhməd: Kimsə Azərbaycanın milli-mənəvi dəyərlərinə dil uzadıb, müdaxilə etməyə cəhd edirsə, şəcərəsi ilə maraqlansın bir zəhmət...
 Samir Həmidoğlu: Azər Saninin bir sözü var, deyir  "get Fizulinin heykəlinə, bir o kişinin geyiminə, başındakı əmmaməyə, üzündəki saqqala bax, gör, o xalxın arvadına şeir yazan kişiyə oxşayir?". İndi bu şəkilləri gördüm, o düşdü yadıma.
 Röyanə Cəfər: Bəzi dəyərlər var ki, onlar toxunulmazdı. Gənc rəssam klassiklərimizin yaradıcılığı ilə yaxından tanış olsaydı, beynində daha parlaq işıqlar yanardı və onlarla bağlı daha faydalı ideyalar ortaya çıxardı...

 Fizəki İskəndəriyyə: Heç xos təəssürat  bağışlamadı.  Öz reklamları üçün gör nələrə əl atırlar. Dahi səxsiyyətləri müasir dövrün  adamı kimi təsəvvür etmək nəyə lazım? Belə etməklə  onları gözdən salmağa çalışırsınız? Kim çəkibsə bu  karikaturanı, getsin öz nəslindəkilərin karikaturasını çəksin…
Musa Quliyev: Bu, kreativlik deyil! Yerli mədəniyyətimizi və milli geyimlərimizi təmsil edən ziyalılarımızı (sair və yazıçıları) bu vəziyyətə salmaqla ancaq “Qərb mədəniyyətini” reklam etmiş olursunuz. Rəssam istedadlıdır,  bu ayrı məsələ. Amma bu mövzu heç xoş deyil. 
Oruc Yəhya: Yazıq Sabir. Yenə kasıb. Amma gərək əlində siqaret olardı. Bu xalqın gününü görüb siqaret çəkməməsi real görsənmir.
İntizar Cabbar: Bu dövrdə yaşasaydılar belə  geyinəcəkdilər. Nə var ki burda?! “Alimlər”  yenə başlayıblar gic-gic yazmağa. Hansısa bir avropalı etsəydi, olacaqdı kreativlik.  Sovet dövrundə yaşamayıb, amma hələ də sovet ideologiyasında olanlara məəttələm. 
 Visual Render: Bilmirlər daha kimə sataşsınlar, işini-gücünüz qurtarıb...?
Nurlan Cəbrayılzadə: 
Bu nə deməkdir? Bu nədir axı? Azərbaycan klassiklərini, dahilərini bu vəziyyətə gətirmək yalnız və yalnız ağılsızlıqdır! Çünki onlar müasir deyil, qədim dövrlərin şedevrləridir. Və olduqları kimi sevilməyə haqları var!!!



Sosial şəbəkədə aparılan polemikalar  barədə rəyini soruşduğumuz “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında müzakirələri, fikir ayrılıqlarını, eləcə də rəsmləri normal qarşıladığını bildirdi:

- Mən burda qəbahətli bir iş görmürəm.  Hamısı normal rəsmlərdir. Nizami Gəncəvini dövründə canlı görənlər öz müasirləri olub. Sonrakı nəsillər, eləcə də 20 və 21-ci əsrin insanları Nizami şəxsiyyətini yaradıcılığından, yazdığı əsərlərdə ortaya qoyduğu ideyalardan, fikirlərdən tanıyıblar. Biz klassikləri təqdim edildikləri kimi tanıyırıq.

Onlar sözləri, fikirləri ilə həmişə gəncdirlər və bütün dövrlər üçün müasirdirlər. Varlıq olaraq, şəxsiyyət olaraq müasirdirlər. Rəssamın işi postmodernist bir yanaşmadır. Klassiklərin adlarına müasir imic əlavə etməkdir. 

Bir növ klassikləri varlıq olaraq aktivləşdirməkdir. Rəssam göstərmək istəyib ki, klassiklərimizi zahirən, görkəmcə də müasirləşdirmək mümkündür.

Onlar bizim müasirimiz ola bilər. Təkcə təfəkkür baxımından deyil, zahiri görkəmcə də. Hamımız bilirik ki, bu şəxslər öz dövrlərinin qabaqcıl insanları, zəmanələrinə ironiya ilə, sarkazmla yanaşan insanlar olub. Biz dünyanı onların baxışları, düşüncələri və əsərləri ilə tanımışıq. Onlar öz əsərləri ilə daim canlıdırlar. Bu dəfə də zahiri görkəmcə müasir olsunlar. Müasirləşsinlər.

Burada anormal nəsə axtarmağa dəyməz. Şəxsən mən ideyanı bəyəndim, rəsmlər də çox gözəl alınıb. Məsələn, Xurşidbanu Natəvanın kafedə çay içməsi necə də incə, estetik görünür…