Uğurlu başlanğıc...

Azərbaycanlılar Amerika siyasətində aktivləşir

Ramin Məmmədov ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb


Həmyerlimiz Ramin Məmmədov Şimali Karolinadan ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb. Qeyd edək ki, Ramin Məmmədov Miçiqan ştatının Oakland İcma Kollecində təhsil alıb, Miçiqan Dövlət Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər ixtisasını bitirib. Karyerasına informasiya texnologiyaları sahəsindən başlayan soydaşımız 15 il öncə Şimali Karolina ştatına köçüb. ABŞ-dakı icmamız həmvətənimizin seçki kampaniyasına maddi dəstək göstərilməsi üçün ianə toplanmasına başlayıblar.

Həmyerlimiz Ramin Məmmədovun Şimali Karolinadan ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürməsinin çox müsbət hal olduğunu deyən politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, bu, azərbaycanlıların Amerika siyasətində aktivləşmə prosesidir. Politoloq diqqətə çatdırıb ki, əslində Amerika siyasətində namizədlik verilən dövrdə seçilmək çox önəmli deyil, əsas məsələ aktiv siyasətdə olmaqdır:

 "Bu cür aktiv siyasətlə bağlı bizim Avropadakı diasporalarımızda uğurlu nümunələrimiz var. Məsələn, Hollandiya Parlamentində, İsveç, Skandinaviya bələdiyyələrində fəaliyyət göstərən nümayəndələrimizi misal göstərə bilərik. Həmin ölkələrdə  Azərbaycan əsilli vətəndaşlarımız bələdiyyə üzvlüyünə, fərqli şuralara seçiliblər. Əlbəttə ki, bu cür uğurların davam etməsi bizim üçün sevindirici haldır. Ancaq burda bir neçə faktora diqqət yetirmək lazımdır. Birincisi odur ki, Şimali Karolina nisbətən az əhalisi olan ştatlardandır və belə ərazilərdə siyasi müstəviyə daxil olmaq adətən daha rahat olur. Çünki burada əhali daha az olur, yəni orda müəyyən fəaliyyət göstərməklə, seçilmək mümkündür.

 Üstəlik, əgər namizəd həmin ərazidə tanınırsa və onun xoş reputasiyası varsa, o insanların adətən Nümayəndələr Palatasına seçilməsində elə də problem olmur. Biz bir çox etnik, milli, irqi azlıqların seçilməsinin şahidi olmuşuq. Digər tərəfdən Ramin Məmmədov ABŞ Nümayəndələr Palatasında seçilməsə belə,  bu öz-özlüyündə atılmış mühüm addımdır.

 Bu azərbaycanlıların Amerika siyasətində aktivləşmək prosesidir, yəni artıq Amerika vətəndaşları kimi aktiv siyasətdə rol alma istəyidir. 

 Bu dəfə alınmasa belə, həmyerlimiz bir neçə dəfə bu cür cəhd eləsə, əlbəttə ki, bunlardan biri alınacaq. Mən adətən ermənilərin Amerika siyasətində inkişaf etmə perspektivinə fikir verirəm. 

Onlar necə edirlər? Başlayırlar brauşer paylayırlar, reklamlar edirlər və namizədliklərini verirlər. İlk dəfə isə həmin namizədin namizədi olurlar. Zamanla təcrübə yığaraq, partiya içində tanınırlar. Əməksevərliyi ilə öz iştiraklarını göstərirlər, bununla da cəmiyyət onu tanımağa başlayır. 10 ildən sonra onlar nümayəndə kimi çox rahatlıqla namizədliklərini verirlər və seçilirlər. Hesab edirəm ki, Ramin Məmmədovun da bu addımı uğurlu bir başlanğıcdır". 

Aynurə Pənahqızı