Azərbaycanın Türkiyə, Pakistanla müttəfiqliyi hərbi ittifaq yaratmaq səviyyəsinə qədər irəliləyib
Azərbaycanın Türkiyə və Pakistanla birgə hərbi təlimlərindən, Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib. Təlimlərə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) da cəlb ediləcəyi bildirilib. Culfa-Aslandüz-Muğan istiqamətinə hərbi silahlar və texnikanın daşınması davam edir. Hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib. Vurğulanır ki, Azərbaycanın Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması və iranlı sürücülərin Xankəndiyə qanunsuz yük daşımalarının qarşısının alınması cənub qonşumuzda hiddətlə qarşılanıb. Hətta din xadimləri başda olmaqla bir sıra siyasilər Azərbaycanı təhdid etməyə başlayıblar.
Əfsuslar ki, İranın Azərbaycana qarşı uzun illərdir yürütdüyü ikiüzlü siyasətin şahidi olmaqdayıq. Tehran rejimi heç zaman güclü Azərbaycan görmək istəməyib. İranın istər Vətən müharibəsindən əvvəl, istərsə də sonra Azərbaycana qarşı tutduğu mövqedə hər zaman qısqanclıq və qərəz müşahidə etmişik. Torpaqlarımızı işğal edən Ermənistana hər cür dəstək verib. 30 ildə bütün imkanlarından istifadə edib ki, ərazilərimiz erməni işğalından azad olmasın. Hətta 1992-ci ilin may ayında Qarabağ məsələsində “vasitəçi” kimi çıxış edərək Şuşanın Ermənistan tərəfindən işğalına şərait yaradıb. Cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasına da birbaşa əngəl törədir. Ən əsası isə odur ki, islam dinindən sui-istifadə edərək Azərbaycan gənclərini xurafata sürükləyir. Azərbaycanın daxilində də fars rejimini dəstəkləyən “mollalar” mövcuddur. Lakin bütün bunlara rəğmən, Azərbaycan heç vaxt İran əleyhinə aparılan siyasətdə yer almayıb. Tarixi köklərə əsaslanan dostluq və qonşuluq münasibətlərinə sadiq qalmışıq. Təbii olaraq, müsəlman İrandan da gözləntimiz ədalətli davranması və qonşuluq prinsiplərinə uyğun addım atmasıdır.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə vurğulayıb ki, İranın Azərbaycanla sərhəddə olan Aslandüz-Horadiz istiqamətində çoxlu sayda hərbi texnika, canlı qüvvə, aviasiya vasitələri ilə hərbi təlimlər keçirməsi hərbi güc nümayişindən daha çox böyük narahatlığın təzahürləridir:
“Hər bir dövlət öz təhlükəsizliyinin təmini üçün təlimlərə ehtiyac duyur. Amma indi İranın təlimlər keçirməsi, bunu Azərbaycanla sərhəd zolağında etməsi Tehranın əsl məramını üzə çıxarır. Tehranın narahatlığının səbəbləri var. Azərbaycan İranla Ermənistanın nəqliyyat arteriyasına - Gorus-Qafan yoluna post yerləşdirib. Ərazimizdən keçən İran avtomobilləri yoxlanılır, onların apardığı yüklərin təyinatı dəqiqləşdirilir. Əgər təxribat varsa, dərhal tədbir görülür. Birinci amil Azərbaycanın iqtisadi rıçaqlarını gücləndirir və Bakı Tehran üzərində iqtisadi təzyiq mexanizmi qazanır, İrəvanı isə dalana dirəyir. Digər tərəfdən İran Azərbaycan-Türkiyə-Pakistanın keçirdiyi birgə təlimlərdən dərin qorxuya düşüb. İran ali rəhbərinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amili də bu narahatlığı izhar etdi. Tehranın mövqeyini dilə gətirən hədə dolu açıqlama verdi”.
Ekspertin sözlərinə görə, İran Azərbaycanın İsrail, Türkiyə və Britaniya ilə dərinləşən əməkdaşlığını, bunun fonunda Ermənistanla dövlət sərhədində yeni zolaq yaratmasını həzm edə bilmir:
“İranın polis komandanı Hüseyn Əştəri avqustun sonları, sentyabrın əvvəllərində Azərbaycanla sərhədin yolunu “ağartmışdı”. Tez-tez də iqtisadi əlaqələr termininin arxasında gizlənərək “İranın bütün sərhədləri təhlükəsizdir” bəyanatını səsləndirirdi. Bir daha əmin oluruq ki, Əştərinin sərhəd səfərləri birbaşa öz nöqteyi-nəzərindən kəşfiyyat məlumatları toplamağa hesablanıbmış. Bir müddət sonra Seyid Həsən Amili isterika içərisində, Azərbaycan və Türkiyənin qonşuluq hüququna hörmət etmədiyini, SEPAH-ın təlim keçirəcəyini bildirdi. Azərbaycanda kifayət qədər müasir silahlar, o cümlədən beşinci nəsil silahlar, hava hücumundan müdafiə sistemləri, zərbə və kamikadze dronları, peşəkar ordu, xüsusi təyinatlı qüvvələr mövcuddur. Amilinin ən son istinad yeri ölkəsinin ballistik raketləri ola bilər, amma unutmamalıdır ki, Azərbaycanda da ballistik raketlər mövcuddur. Üstəgəl, Azərbaycanın Türkiyə, Pakistan kimi strateji müttəfiqləri var və bu münasibətlər hərbi ittifaq yaratmaq səviyyəsinə qədər irəliləyib”.
A.Kərimov vurğulayıb ki, Ankara və İrəvanın bir-birinə isti mesajlar göndərməsini də Tehranın narahatlıqlarının səbəbləri sırasına əlavə edə bilərik:
“Ermənistan Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaq istədiyini bəyan edib. Hətta Baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüş də istəyir. Ankara isə Azərbaycan amilini, Zəngəzur dəhlizinin açılmasını şərt kimi irəli sürərək Ermənistanla münasibətlərin normallaşmasını məqbul sayır. Ermənistanın məcbur qalıb Türkiyəyə yön alması gələcəkdə İranın regiondakı əsas partnyoru ilə əlaqələrinin zəifləməsinə gətirib çıxara bilər. İndi İranda bunun üzərində də baş sındırırlar..”.
İsmayıl Qocayev