“İşğaldan əvvəl bu ərazilərdə 2000-dən çox ali bitki növünə rast gəlinirdi ki, bu da Azərbaycan florasının 42%-ni təşkil edirdi. Bu növlərdən 72-si nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlər kimi “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na və dünyanın qırmızı siyahılarına salınıb”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir:
“Bunlardan 10-a qədəri yalnız Şərqi Zəngəzur və Qarabağ bölgələrində bitən endemiklər olmaqla, dünyanın heç bir yerində təbii halda rast gəlinmir. Bu bölgələrdə yayılan fauna növlərindən 127-si “Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərdir.
İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsuslar olsun ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb”.
Nazir müavini qeyd edib ki, ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq:
“Ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub. Bir faktı da qeyd edək ki, Zəngilan rayonu ərazisində Şərq çinarının azsaylı təbii areallarından biri və ən böyüyü olan Bəsitçay çinar meşəliyi 1974-cü ildə dövlət mühafizəsinə götürülüb və həmin ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Təəssüflə bildiririk ki, qoruğun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib”.
“Digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən gərgin vəziyyətə salınıb, işğal dövründə göl suyundan təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib.
Aparılan tədqiqatların nəticəsi olaraq müəyyənləşdirilib ki, göldə qoruma altında olan qızılxallı balıq populyasiyası, demək olar ki, məhv olub. Mən özüm tez-tez həmin ərazilərdə oluram. Doğrudan da, oradakı vəziyyəti - məhv edilən bioloji müxtəlifliyi, meşələri, su obyektlərini, talan olunan təbii ehtiyatları ürək ağrısız izləmək mümkün deyil”, - deyə nazir müavini əlavə edib.