İctimai və dövlət maraqlarının müdafiəsi
Bütün dünya çıxış yolunu peyvənddə görür
"Mən peyvənd olunmuşdum, amma ölümcül xəstələndim", kimi feyk xəbərlərə inanmayın"
Ölkədə COVİD-19 əleyhinə peyvəndlənmə kampaniyasında müsbət irəliləyiş müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfər olub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 977 574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 732 təşkil edir. Bu rəqəmlər hər gün dəyişir və koronavirusa qarşı peyvənd olunanların sayı da hər gün artır.
COVİD-19 dünyanı bürüyəndən alimlər, mütəxəssislər bu bəladan xilas olmağın, normal həyata qayıtmağın yolunu yalnız peyvəndlənmədə gördüklərini bildirirdilər. Dünya dövlətlərinin əksəriyyəti COVİD bəlasından qurtulmaq üçün vaksinlər alır, vətəndaşları peyvənd olunmağa təşviq edirlər. Azərbaycan da həmçinin. Azərbaycan dövləti ilk növbədə vətəndaşların sağlamlığının qorunmasını prioritet hesab edərək vaksinasiya məsələsinə ciddi yanaşır. Lakin təəssüf ki, bəzən dövlət siyasətinin əleyhinə olan, insanların sağlamlığı ilə manipulyasiya edənlər də tapılır. Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarı ilə 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanları əməkdaşlarının, müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Qərarda göstərilir ki, peyvənd olunmayan və ya immunitet sertifikatı olmayanların bir sıra məkanlara girişi məhdudlaşdırılacaq. Bunu eşidənlər arasında vaksin vurdurub immunitet qazanmaq əvəzinə saxta yollarla COVİD pasportu, immunitet sertifikatı əldə etməyə çalışanlar oldu. Baş Prokurorluq tərəfindən saxta COVİD pasportu satan tibb işçiləri məsuliyyətə cəlb edildi. Lakin indi də qanundankənar əməllər üzə çıxarılır və cavabdehlər məsuliyyətə cəlb edilir. Dövlət ölkəyə vaksinlərin gətirilməsini təmin edir, vətəndaşların peyvənd olunması üçün şərait yaradır, lakin məsuliyyətsiz insanlar saxtakarlığa rəvac verməklə ilk növbədə özlərini, ailə üzvlərini, doğmalarını, digər vətəndaşları da yoluxma riski ilə üz-üzə qoyur, ictimai təhlükə yaradırlar.
Eyni zamanda vaksinasiya strategiyasının ziddinə getməklə dövlətə də ziyan vururlar. İndi taksi sürücüləri arasında da saxta sənəd əldə etməyə çalışanlar var. Bu, onunla bağlıdır ki, oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək. DİN mətbuat xidmətindən məsələyə bir daha aydınlıq gətirilərək bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Buna görə də polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur. Bütün bu tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.
Saxta COVİD pasportu və immunsertifikat əldə etməyə çalışanlara həkim Vaqif Qarayev məsləhət verdi:
- Koronavirusa yoluxma və ölüm sayında son günlər stabilləşməyə meyl müşahidə edilir. Sağalanların sayı günbəgün artır.
Bu, yaxşı əlamətdir. Klinikalarda sıxlıq olmayacaq. Düşünürəm ki, yoluxma sayına kütləvi peyvəndləmə mütləq müsbət təsir edəcək. Ayın sonunda bu göstərici də azalacaq. Qonşu Gürcüstanda da müsbət tendensiya müşahidə olunur, amma ölüm sayı ürəkaçan deyil orda. Hökumət qapanmaya getməyəcək, çıxış yolunu vaksinasiyada görürlər.
Türkiyədə də zəif də olsa stabilləşmə var. Yaxın günlərdə öz vaksinlərindən istifadə edəcəklər. Rusiyada vəziyyət yaxşı deyil, amma vaksin baxımından problem yoxdur orda. Özləri istehsal edir. ABŞ-da kifayət qədər yoluxma var.
Amma ölüm 1-2 faiz civarındadır. Stasionarlarda müalicə alanların 97 faizi peyvəndsizlərdir. Bayden bir sıra peşə sahiblərinin məcburən vaksinasiya olunması haqqında qərar verdi. Xülasə, bütün dünya çıxış yolunu peyvənddə görür. “Mən peyvənd olunmuşdum, amma ölümcül xəstələndim", kimi feyk xəbərlərə inanmayın. Peyvənd olunanlar yoluxa bilər, amma ölümcül olmayacaqlar. Bir az diqqətlə müşahidə aparsaq görərik ki, ən çox xəstələnənlər peyvəndsizlərdır. Peyvənd olunmaqla özümüzü, cəmiyyəti də qorumuş olacağıq.
Məlahət Rzayeva