“...Görünür, indiyədək məşğul olmaq istəyən olmayıb”
“Yasamalda icra başçısı çalışdığım vaxt ərazinin üçdəbir hissəsi gecəqondu idi”
“Onlardan kommunal xərclər almaq mümkün deyildi”
“Beləliklə, bütün rayonu inventerlaşdırdıq və problemi birdəfəlik həll etdik. İndi problem də kökündən həllini tapmalıdır”
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti evlərin sənədləşdirilməsi sahəsində problemləri açıqlayıb. Dövlət Xidmətindən bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi ümumilikdə bir çox amillərə bağlı problemlərdən ibarətdir. Ölkədə müstəqilliyin ilk illərində ağır müharibə şəraiti, 1 milyondan artıq soydaşımızın qısa müddət ərzində öz ata baba yurdlarından qaçqın düşməsi, sovet hüquq sisteminin müasir liberal iqtisadi sistemə uyğun olmaması kimi amillər bir çox sahədə olduğu kimi, yaşayış fondunun inkişafı və sənədləşdirilməsində də ciddi çatışmazlıqlara səbəb olub.
Dünya təcrübəsi nəzərə alındıqda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirləri aşağıdakı kimi təsnifatlaşdırmaq mümkündür: “Bunlardan biri sənədsiz evlərin artmasının qarşısının alınması məqsədi ilə vətəndaşların sənədli ev sahibi olmaları imkanlarının təkmilləşdirilməsidir. Bu istiqamətdə ipoteka imkanlarının yaradılması və əhatə dairəsinin genişləndirilməsi, İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə dövlət vəsaiti hesabına sosial ipoteka imkanlarının yaradılması, kirayə mənzillərin müəyyən müddət sonra mülkiyyətə verilməsi ilə bağlı mexanizmin yaradılması, dövlət tərəfindən sosial yönümlü yaşayış binalarının MİDA vasitəsilə tikilib mənzillərin vətəndaşlara təqdim edilməsi, şəhid ailələri, qazilər, məcburi köçkünlərin dövlət vəsaiti ilə mənzillərlə təmin edilməsi bu istiqamətdə son illərdə görülmüş işlərə aid edilə bilər. Eyni zamanda evlərin qanuni əsaslarla əldə edildikdən sonra qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin yaradılması, vətəndaş məmur ünsiyyətinin azaldılması istiqamətində mütəmadi işlərin aparılması qeyd olunmalıdır”.
Sözügedən problemlə bağlı “Sherg.az”a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, Qara dəniz hövzəsi ölkələrinin bu mövzu ətrafında keçirilən beynəlxalq konfranslarında dəfələrlə iştirak edib. Ancaq Türkiyədə vəziyyət yaxşıdır. Çünki orada proses əvvəldən düzgün qurulub:
“Post-sovet ölkələrində isə durum eynidir. Bosniya və Hersoqovinada daşınmaz əmlakın 54 faizinin qeydiyyatı yoxdur. Bizdə də hazırkı şərait təxminən eynidir. Torpaqlarımızın iyirmi faizində əmlakın dağıdılması əsas dərinləşdirici səbəblərdəndir. Təəssüf ki, müvafiq qurumlar vaxtında nəinki daşınmaz əmlakla bağl reyestr tərtib etmədi, əksinə, vəziyyəti daha da qəlizləşdirdi. Və bu, rüşvət, korrupsiya fonunda baş verdi”.
S. Məmmədovun sözlərinə görə, heç olmasa, bundan sonra məsələyə məsuliyyətli yanaşmaq lazımdır: “Yaşayış yerləri təyinatı olmayan ərazilərdə bütöv qəsəbələrin salınması ciddi problemdir. Təcrübəmə əsasən deyə bilərəm ki, ifrat bürokratiyaya yol vermək olmaz. Yasamalda icra başçısı çalışdığım vaxt ərazinin üçdəbir hissəsi gecəqondu idi. Onlardan kommunal xərclər almaq mümkün deyildi. Beləliklə, bütün rayonu inventerlaşdırdıq və problemi birdəfəlik həll etdik. İndi problem də kökündən həllini tapmalıdır. Bütöv qəsəbələr salınan bəzi yerlərdə torpaqların təyinatı dəyişdirilməli və rəsmiləşdirilməlidir. Eyni zamanda bundan sonra belə hallara yol verilməməli, müvafiq təyinatı olmayan ərazilərdə yaşayış yeri salınmamalıdır. Dediyim kmi, problemi çözmək mümkündür. Sadəcə, görünür, indiyədək məşğul olmaq istəyən olmayıb”.
Kənan Novruzov