Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Peskov bildirib ki, Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır.
Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə etməyi planlaşdırırlar: “Ərdoğanın Rusiyaya işgüzar səfərinə hazırlıq gedir. Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin, əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.- deyə, Peskov vurğulayıb.
Görüşün sentyabrın 29-da baş tutacağı deyilib.
“Sherg.az” olaraq siyasi analitik Turab Rzayevlə görüş barədə müzakirə apardıq:
- Sizcə, müzakirələrdə masaya nələr çıxarılacaq?
- Əvvəla onu deyim ki, Türkiyə- Rusiya münasibətləri birmənalı deyil. Tərəflər arasında kəskin rəqabət var. Liderlərin axırıncı görüşü altı saatdan çox çəkmişdi. Bu isə Qarabağ müharibəsindən sonra ilk tet-a-tet müzakirə olacaq. Suriya, Liviya, Şərqi Aralıq dənizi ilə yanaşı, Qarabağ məsələsi barədə də fikir mübadiləsi aparılacaq. Və, çox güman ki, yeni razılaşmalar olacaq. Eyni zamanda Moskva və Ankaranın fərqli maraqları olduğunu nəzərə almalıyıq. Amma onlar Qərbin maraqlarını da nəzərə alırlar. Qərb Rusiya və İranın Çinlə çox yaxınlaşmasını istəmir. Bunu isə həm Ərdoğan, həm də Putin yaxşı anlayır. Ümumiyyətlə, Türkiyə Rusiya və Qərb arasında körpüdür.
- Əgər Ankara ilə Moskva “mehriban düşməndirlərsə”, görüşdən sonra tərəflər arasındakı münasibətlərdə hansı dəyişiklik olacaq?
- Bəzi ölkələr bu dövlətləri qarşı-qarşıya qoymaq istəyirlər. Amma bu, qonşularımızın heç birinə sərf etmir. Odur ki, onlar ən kritik məqamda bir-birilərinə güzəştə getməyi bacarırlar. Çox güman, yenə “dil tapacaqlar”. Türkiyə Rusiyanı, hətta mümkün olarsa, İranı Qərb blokunda saxlamaq istəyir.
- Bu günlərdə Ərdoğan BMT Baş Assembleyasının çıxışında Krım məsələsini gündəmə gətirmişdi. Ola bilərmi ki, Putinlə görüşdə Ukraynanın ərazi bütövlüyü problemi birdəfəlik həllini tapsın?
- İnanmıram. Putin hakimiyyətdə olduğu müddətcə buna imkan verməz. Çünki o, bunu xalqına böyük töhfə kimi qiymətləndirir. Hətta Rusiya başçısı Krım məsələsinin artıq geridə qaldığını və yalnız Donbasın müzakirə oluna biləcəyini söyləyir.
- Ermənistan baş naziri Nikol Paşinyan Ankara ilə yaxınlaşmaq barədə bəyanatlar verib. Bunun səfər öncəsi Putinin təlimatı olması ehtimalı nə qədər realdır?
- Məncə, bu, daha çox Paşinyanın əlavə manevr yeri axtarması kimi qiymətləndirilməlidir. Çünki İrəvan Qərblə nə qədər yaxınlaşmaq istəsə də, manevr imkanları çox azdır. Əlbəttə, müharibədən sonra Bakı ilə yaxınlaşa bilməz. Ona görə də Ankara ilə yaxınlaşmağa çalışaraq özünə alternativ axtarır.
Kənan Novruzov