“Ali Baş Komandanın siyasi mesajlarını oxumağı bacarmalıyıq”

Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 sentyabr Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Ölkə başçısı müraciətində mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir:

“Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

Ölkə başçısı "Anadolu” agentliyinə müsahibəsində də düşmənə və havadarlarına bir çox mesaj verib:

“Noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradılmalı olduğu açıq şəkildə göstərilir. Bu əlaqə yaradıldımı? Yox!
Bu əlaqəni təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Oradakı quru yolun ümumi uzunluğu 40 kilometrdir. Biz indi müharibədən sonra bir ildə min kilometrdən çox yol tikmişik, həm torpaq yollar, həm də asfalt yollar. İndi orada 40 kilometrlik yolun açılması böyük problem deyil. Amma buna baxmayaraq, hətta Ermənistan buna razılıq da vermir. Aparılan müzakirələr nəticəsiz qalır. Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur. Biz hələlik səbrli davranırıq, təmkinli davranırıq. Amma bizim səbrimizin də müddəti var və İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə də Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabrda imzalanmış bəynatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”.

Ali Baş Komandanın çıxışının xaricdə və ölkəmizdə yaşayan azərbaycanlılar və regionda olan beynəlxalq dairələr tərəfindən böyük maraqla qarşılandığını deyən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, dünya tarixində liderlik müharibə dövründə tamam fərqli bir fenomen kimi nəzərdən keçirilir. Bu da başa düşüləndir:

“Çünki əhalini səfərbər etmək, siyasi qüvvələr arasında uzlaşma formulu tapmaq, ordunu dəqiq hədəfə yönəltmək, düzgün siyasi taktikanı seçmək həddindən artıq qlobal yüklü vəzifələrdir. Adətən 20-ci  və 21-ci əsrdəki müharibələrin tarixinə baxsaq, görərik ki, həqiqətən də birinci şəxs fenomeni nə qədər böyük önəm daşıyır. Ali Baş Komandan termininin özü Konstitutsiyada hüquqi bir statusdur. Lakin bu statusu daşıyan şəxs yalnız müharibə dövründə özünə gerçək məzmun qazanır. Ona görə də cənab Prezidentin çıxışları dərin analizlərdən keçir. Çox yaxşı xatırlayıram, 26 fevral 2021-ci ildə ölkə başçısı 50-dən artıq xarici media işçisi qarşısında çıxışı zamanı Azərbaycana qarşı neytral və tənqidi mövqe bəsləyənlər belə cənab Prezidentin peşəkarlığına, çıxışının emosional yükünə, auditoriyaya xitab etmək bacarığına heyrətlənmişdilər. Bu günkü çıxışında isə Ali Baş Komandanın dəqiq siyasi mesajlarını hamılıqla oxumağı bacarmalıyıq. Cənab Prezident 2020-ci il sentyabrın 26-dan 27-ə keçə gecə ermənilərin təxribatını “namərd güllə”adlandırdı. Xüsusilə də, 2016-ci il aprel hadisələri və 2020-ci il Tovuzdakı təxribatlar fonunda Azərbaycanın səbrinin daşdığı həmin “namərd atəşlə” başladı. Ölkə başçısı bu savaşı “ləyaqət”, “milli qürur” və “ədalət uğrunda” adlandırdı. Bu üç formul çox önəmlidir. Biz sadəcə torpaqlarımızı azad etmirdik, həm də millətimizin uzun illər ərzində müxtəlif dairələrin əli ilə toxunulmuş ləyaqətinə, adına və ədalətə olan basqıya “dur” demək üçün addımlar atmışdıq”.

Z.Oruc ermənilər üzərindəki qələbəmizin önəmli olduğunu xatırladıb:

“Qazandığımız zəfərin mənası, dərəcəsi və dəyərləndirməsi çox fərqlidir. Çünki bu, 5 qələbəyə bərabərdir və yüz illər ərzində aparılan savaşın nəticəsidir. Yalnız torpaqlarımızı işğaldan azad etmədik, eləcə də dünyada tüğyan edən separatizmə, böyük bəlaya çevrilən faşizmə zərbə vurmağı bacardıq.

 Azərbaycan Ordusunun əhval-ruhiyyəsi həddindən artıq yüksəkdir. Hətta belə bir dəyərləndirmələr var ki, Azərbaycan bu qalibiyyəti fonunda Qafqazlarda xüsusi və üstün gücə malik olmasının nəticəsi kimi müxtəlif hərbi əməliyyatlar həyata keçirəcək. Təbii ki, söhbət hansısa qonşu ölkələrin ərazisinə hücumdan getmir. Ancaq ordumuzun elə bir yüksək əhval-ruhiyyəti var ki, həqiqətən də son nəfər faşistin cəzalandırılmasına qədər səfərbər ola bilər. Ona görə qələbəmizin 1 ili ərəfəsində cənab Prezidentin çıxışı xalqımıza yeni ruh və istiqamətlər verir, dəqiq hədəflər göstərir, ordu-xalq-Ali Baş Komandan birliyinin qorunub-saxlanmasını zəruri edir. Bununla da millətimiz yeni siyasi və mənəvi kimliyi ilə sanki yeni doğuluş yaşayır. Xalqımızda ruhən yenilənmə gedir. Bunun fonunda Azərbaycan şübhəsiz ki, gələcək dövrdə Qafqazlarda savaşın nəticəsi, qələbəsi və 10 noyabr razılaşmasının müddəalarının həyata keçirilməsi ilə normal sülhün bərqərar olmasına imza atacaq”.

 
Yeganə Bayramova