Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Dövlət başçısı “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.
Ali Baş Komandan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bununla yanaşı dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməlini atıb.
Prezidentin Cəbrayıl səfərini “Sherg.az” a şərh edən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı vurğulayıb ki, Azərbaycan bir il öncə böyük qələbəyə imza atıb:
“Son Qarabağ savaşının başlandığı gündən torpaqlarımız işğaldan azad olundu. İki gündən bir bu və ya digər ərazilərin, yaşayış məntəqələrinin qurtuluş xəbəri elan edilirdi. Xalqımız Ali Baş Komandanın, rəşadətli ordumuzun uğurlarını böyük sevinclə qarşılayırdı. Sanki yenidən həyata qayıtdıq. Çünki torpaqlarımız işğalda olduğu müddətdə həyatdan küsmüşdük. Bir sözlə Azərbaycan xalqı üçün yeni era başladı. İndi işğaldan azad olunan torpaqlarımızda təmir-bərpa işləri gedir. Azad olunduğu gündə Prezidentin Cəbrayıla səfəri onun qələbə fəaliyyətini davam etdirdiyinin göstəricisidir. Həm də bu mühüm hadisədir”.