“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Tərtər və Bərdə rayonlarına səfəri tarixi əhəmiyyət kəsb edir. Bu səfər Vətən müharibəsinin başlamasının birinci ildönümündə reallaşdı. Bir il öncə işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndində üçrəngli bayrağımızın dövlətimizin başçısı tərəfindən ucaldılması qürurverici hadisədir”.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad olunması Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin qəhrəmanlıq nümunəsidir. Həmin ərazilər olduqca strateji əhəmiyyət daşıyırdı və ordumuzun hər iki yaşayış məntəqəsini, ətrafdakı yüksəklikləri azad etməsi döyüşlərin gedişində ordumuza üstünlük qazandırdı. Bununla da ordumuz düşmənin xeyli qüvvəsini məhv etdi, onların təchizatını, getdiyi yolları nəzarətə götürdü. Strateji əhəmiyyətli Suqovuşan və Talışın azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc verdi.
“Cənab Prezident Suqovuşanda çıxışı zamanı Ermənistanda revanşist çıxışlar edən dairələrə, o cümlədən keçmiş prezident Serj Sarkisyana sərt mesajlar göndərdi. Xocalı qatili olan Sarkisyanın bu gün Azərbaycana qarşı dediyi fikirlər əsla qəbulolunmazdır. Əsl adı Serjik, sonradan adını dəyişdirib Serj olan Sarkisyan saysız-hesabsız hərbi cinayətlərin müəllifidir. O, İkinci Qarabağ müharibəsi zamanı Xankəndiyə gəlsə də, şanlı ordumuzun gücü qarşısında qaçıb Yerevanda gizləndi. Ona görə də belə birinin danışmağa heç bir haqı yoxdur. Prezident İlham Əliyev çıxışında Serjikə layiq olduğu qiyməti verdi”, - F.Yıldırım söyləyib.
Onun sözlərinə görə, dövlət başçısı səfər çərçivəsində “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını həyata keçirməsi, eləcə də Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması azad olunmuş ərazilərimizə böyük qayıdışın tezliklə reallaşacağından xəbər verir.
F.Yıldırım qeyd edib ki, Azərbaycan Prezidentinin Bərdə rayonuna səfəri, səfər zamanı Bərdə Peşə Liseyinin açılışında iştirakı da xüsusi vurğulanmalıdır: “Məlumdur ki, ölkəmizdə təhsilin inkişafı istiqamətində dövlət səviyyəsində addımlar atılır. Bu kontekstdə ölkədə peşə təhsilinin inkişafı da diqqət mərkəzindədir. Düşünürəm ki, müasir standartlara cavab verən Bərdə Peşə Liseyi bundan sonra bölgə üçün müxtəlif sahələrdə mütəxəsislərin yetişdirilməsində öz töhfələrini verəcək”.