26 şəhid vermişik...



Ermənistanın Gəncəyə raket hücumundan bir il ötür

"Mülki əhalinin raket atəşinə məruz qalması ilə bağlı mühüm sənədlər toplanılıb. Beynəlxalq məhkəmələrin qarşısında iddia qaldırılması üçün hazırlıq işləri görülür"

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötdü. 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşdü. Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 32 mülki şəxs isə yaralandı. 

Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəydi. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. İkinci Qarabağ müharibəsi dövründə erməni quldurları tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edildi. Nəticədə 26 nəfər şəhid oldu, 175 nəfər yaralandı. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncə şəhərinin atəşə tutulması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və sosial obyektləri ağır artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə günahsız insanlar qətlə yetirilib. Ötən il oktaybrın 4-də Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan Gəncə şəhərinə qadağan olunmuş silahlardan istifadə etməklə raket zərbələri endirilib. Həmin gün Ermənistan tərəfindən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası və su anbarının yerləşdiyi Mingəçevir şəhəri də raketlərlə hədəfə alınıb. Hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Xızı və Abşeron da eyni gündə Ermənistan tərəfindən hədəf seçilib. Ermənistan silahlı qüvvələri həmçinin qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcəbədi şəhərlərini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə məruz qoyub. Bəyanatda qeyd olunub ki, ermənilərin törətdikləri müharibə cinayətlərinə görə cəzalandırılmaları üçün toplanmış bütün dəlil-sübutlar beynəlxalq məhkəmələrə və qurumlara göndərilib. 

Ermənistan tərəfinin insanlıqdan uzaq hərəkətləri ilə bağlı “Şərq”ə danışan millət vəkili Azər Badamov deyib ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında Azərbaycanın şanlı ordusu qarşısında acı məğlubiyyətlərə düçür olan ermənilər müharibənin miqyasını genişləndirmək üçün müxtəlif yollara əl atıblar. 
Deputat vurğulayıb ki, Ermənistanın savaş dövründə qəsdən törətdiyi cinayətlərdən biri də müharibə bölgəsindən uzaq yaşayış məskənlərinə raket atmaq, günahsız, əliyalın insanları şəhid etmək olub: 

“Ermənilər şəhərlərimizə istifadəsi qadağan olunmuş raketlər atıblar. Gəncənin bombalanması nəticəsində uşaqlar, qadınlar, yaşlı insanlar həlak olub, mülki obyektlərə ciddi zərər dəyib. Ermənistanın bu hərəkətləri hərbi cinayət və terror aktıdır. Düşmən tərəf beynəlxalq məhkəmələr qarşısında öz hərəkətlərinə görə mütləq cavab verməlidir və verəcək. Mülki əhalinin raket atəşinə məruz qalması ilə bağlı mühüm sənədlər toplanılıb. Beynəlxalq məhkəmələrin qarşısında iddia qaldırılması üçün hazırlıq işləri görülür. Ermənilərin cinayət əməllərinə hüquqi müstəvidə qiymət verilənə qədər beynəlxalq məhkəmələr qarşısında iddia qaldırmaqda davam etməliyik”.