XİN başçılarının görüşü:“Sülh sazişi və Zəngəzur dəhlizinin müzakirəsi...”

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında bildirib.
 Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib. Görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa Qarabağ da diqqət mərkəzində olacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. 

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir:
“Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik.

Biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik.

Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”.

Ehtimal olunan görüş barədə fikirlərini “Sherg.az”la bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, ilk növbədə postkonflikt vəziyyətə uyğun olaraq iki ölkə arasındakı münasibətlər müzakirə ediləcək:

“Hesab edirəm ki, Azərbaycan suveren hüquqlarına aid hansısa mövzuların Ermənistanla müzakirəsinə imkan verməməlidir. Ancaq Ermənistana aid məsələlərdən söhbət gedə bilər. Eyni zamanda gələcək sülh sazişinin hansısa tezisləri və bundan sonra sərhədlərə aid mövzular, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsi barədə də fikir mübadiləsi aparıla bilər.

Azərbaycan tərəfindən irəli sürülən təzminat mövzularının masada olma ehtimalı var. Ümumilikdə isə, ölkəmizin daxili işinə aid, yəni Qarabağda yaşayan ermənilər barədə mövzu rəsmi İrəvanla danışıla bilməz”.