Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonu qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra vacib məqamları diqqətə çatdırıb.Prezident müharibədən sonra Azərbaycan-Ermənistan arasındakı münasibətlərə də toxunub:
“Əlbəttə, indi düşünürəm ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Siz bəlkə də mənim bununla bağlı bəyanatlarımı eşitmisiniz. Mən nəzərdə tutduğumu deyirəm, bu, bizim siyasətimizdir.
Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər".
Prezidentin söylədikləri barədə “Sherg.az”a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidovun sözlərinə görə, son dönəmlər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması aktual olan məsələlərdən biridir. Bu da təbiidir, çünki əvvəlki dövrlərdə iki dövlət arasında hərbi münaqişələr olub və bu durumdan ən çox ziyan çəkən məhz Ermənistandır:
Azərbaycan Prezidenti isə Ermənistana pozitiv təkliflər verir və sülh müqaviləsi imzalamağa hazır olduğunu qeyd edir. İndiki məqamda isə “top” artıq Ermənistandadır və bu təkliflərə cavab verməlidirlər. İrəvanda hələ də cəmiyyət daxilində müəyyən bölünmə var. Erməni xalqının Paşinyana səs verməsi bunun göstəricisidir ki, insanlar müharihə istəmir. Lakin hazırda Ermənistanda revanşist idealogiyanın hakim olduğu qüvvələr mövcuddur. Onlar bir növ Paşinyan hökumətinin tam şəkildə sərbəst hərəkət etməsinə imkan vermirlər”.
S.Zahidov qeyd edib ki, Paşinyanın son bəyanatları, axırıncı dəfə AZAL-ın Ermənistan üzərindən keçərək Naxçıvana gedə bilməsi Paşinyan hökumətinin yavaş-yavaş Azərbaycanın yaratdığı reallıqlarla barışdığının göstəricisidir:
“Paşinyan müəyyən mənada başa düşür ki, Ermənistanın inkişafı və təcrid vəziyyətdən çıxması üçün yeganə yolu Azərbaycanın təklifinə müsbət yanaşaraq, qonşularla dost münasibəti qurmaqdır. Sözsüz ki, sülh mümkündür, ancaq əsas məsələ sülhün davamlı olmasıdır. Fikrimcə, sülhün davamlı olması üçün ölkələr arasında kommunikasiyalar açılmalı və region dövlətləri layihələrdə birgə iştirak etməlidirlər. Beləliklə, dövlətlər arasında müəyyən inteqrasiya yaranacaq. Bu, baş vermədən davamlı sülhün olmasını ehtimal etmək çətindir.
Ermənistan tərəfi Azərbaycanın sülh təklifinə müsbət yanaşarsa və qısa zamanda kommunikasiyaların açılmasına razılıq verərsə, onlar üçün müsbət şərait yaranacaq. Sözsüz ki, bəzi əngəllər var.
İlk növbədə Ermənistanın daxilindəki müəyyən qüvvələrin sülhə qarşı olması işləri ləngidir. Digər tərəfdən bəzi xarici qüvvələr var ki, onlar da regionda Azərbaycanla Ermənistan arasındakı sülhün olmasında maraqlı deyillər. Bunun ən bariz nümunəsi kimi İranı göstərə bilərik. Rəsmi Tehranın son zamankı çıxışları belə düşünməyə əsas verir. Ümid edək ki, bütün maneələr aşılacaq və uzun zaman ərzində regionda gözlənilən sülh təmin olunacaq”.
--