Zəngin və kasıbları, xoşbəxt və bədbəxtləri ayıran bu divar həmişə müzakirə mövzusu olub
Tijuana Meksikanın şimal-qərb hissəsində, ABŞ ilə sərhədin tam kənarında yerləşən cinayət nisbətləri ilə diqqət çəkən bir şəhərdir. Meksika ilə ABŞ-ı ayıran divarın dənizə qovuşduğu bu şəhər qətl və narkotik kimi cinayətlərin çox olduğu yer olduğu üçün bir çox Hollivud filmlərinin və seriallarının gündəm mövzusu olub.
Ən zəngin və kasıbları, xoşbəxtləri və bədbəxtləri ayıran bu divar inşasına başlanmazdan əvvəl müzakirə mövzusu olub. Şəhərin demək olar ki, eyni coğrafi xüsusiyyətlərə sahib olan ABŞ-ın San-Dieqo şəhəri ilə arasındakı iqtisadi boşluqlar tezislərə mövzu olub.
Bu şəhər San-Dieqodan bir neçə kilometr məsafədədir. Ancaq iki şəhər arasında hər cəhətdən böyük fərqlər var. Dünyanın ən işlək sərhəd qapısına ev sahibliyi edən və bir ildə 50 milyondan çox insanın gəlib keçdiyi Tijuana, eyni zamanda amerikalı turistlərin də tez-tez gəldiyi yerdir.
Meksikanın qərbindəki Baja Kaliforniya əyalətində yerləşən və təxminən 2 milyon əhalisi olan şəhərin ən böyük dolanışıq mənbəyi bura tez-tez gələn amerikalı gündəlik turistlərdir. Amerikalıların Tijuana sevgisinin səbəbi bölgədəki çimərliklər, ucuzluğu və ABŞ-da qanunsuz olan məhsulların Meksikanın bu şəhərindəki sərhədində sərbəst satılmasıdır. Lakin bu vəziyyət Tijuana üçün də çox təhlükəli olur.
Çox rəngli bir memarlığa və gündəlik həyata sahib olan şəhər, isti iqliminin də təsiri ilə demək olar ki, il boyu festivalların keçirildiyi bir məkandır.
Bununla birlikdə, şəhər cinayət nisbətinin də dünya miqyasında ən yüksək yerləri arasındadır. Əslində, bəzi araşdırmaların nəticələrinə görə, Tijuana dünyanın ən təhlükəli şəhəridir.
Hər il bir çox insanın tunellər qazaraq ABŞ-a qaçmaq istədiyi bölgə, cinayətkar təşkilatların vacib mərkəzi sayılır.
Narkotik, insan alveri və cinayət nisbətləri baxımından dünyanın ən təhlükəli şəhərlərindən biri olan Tijuanada hər il minlərlə insan öldürülür. Araşdırmalara görə, hər il 100 min insandan 100-ü qətlə yetirilir. Bu cinayətlərin əksəriyyəti Meksika polisi tərəfindən aydınlaşdırıla bilməsə də, şəhərdəki ikinci ən vacib ölüm səbəbi, ABŞ-a keçərkən immiqrantların boğulmasıdır.
Hər il ABŞ-dan yüz minlərlə turisti qəbul etsə də, Tijuanadakı işsizlik və təhlükəsizlik problemləri bölgədə yaşayan insanların daha yaxşı bir həyat ümidi ilə Amerikaya qaçaq yollardan qeyri-qanuni köç etməsinə səbəb olur.
ABŞ tərəfindən sərhəd boyu görülən sıx təhlükəsizlik tədbirlərinə baxmayaraq, həm buradan, həm də Meksikanın müxtəlif bölgələrindən minlərlə insan il boyu sərhədi keçməyə çalışır. Sərhədin digər tərəfində yerləşən San-Dieqo şəhərinin ABŞ-ın ən inkişaf etmiş şəhərlərindən biri olduğunu nəzərə alsaq, Tijuananın içindəki bu vəziyyət ayrıca bir araşdırma mövzusu kimi qarşımıza çıxır.
Xatırladaq ki, inşasına 2011-ci ildə başlanan 1044 kilometr uzunluğundakı bu divar ətrafında ABŞ dövləti daha çox tədbir görməyə davam edir.