Avropada Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır
Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonu qəbul edərkən Aİ ilə ölkəmiz arasındakı iqtisadi əməkdaşlıqdan da danışıb. Dövlət başçısı vurğulayıb ki, böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır.
Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilər: “Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq. Xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.
Dövlət başçısının diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, son dönəmlərdə Azərbaycanla Avropa Birliyi arasında iqtisadi əlaqələrin və enerji sahəsindəki əməkdaşlığın genişlənməsi müşahidə olunmaqdadır. Deputatın sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdəndir:
“2020-ci ilin sonundan Azərbaycan qazı Avropa bazarına nəql edilir. Ötən müddət ərzində Avropa bazarına 5,5 milyard kub metr mavi qaz nəql olunub. 2021-ci ildə isə ümumilikdə 8 milyard kub metr qazın verilməsi planlaşdırılır. 2022-ci ildə qazın həcmi 10 milyard kub metrə çatdırılacaq. Azərbaycan-Avropa arasında əsas mənbələrdən biri olan Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti növbəti illərdə 31,5 milyard kub metrə qədər artırılacaq. Bununla da Azərbaycan cənubi və şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə vermiş olacaq”.
Parlament üzvü vurğulayıb ki, Avropada Azərbaycanla enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır:
“Bolqarıstan daxili şəbəkə vasitəsi ilə Azərbaycandan mavi qaz almaq niyyətindədir. Rüblük olaraq 1,5 milyard kub metr qazın nəql edilməsi müzakirə olunur. Rumıniya da bu istəklə çıxış edir. Növbəti dövrdə daha çox Avropa ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olacaq. O baxımdan Azərbaycan-Avropa arasındakı iqtisadi əlaqələr növbəti mərhələdə bir qədər də genişlənəcək. Bu da Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsinə gətirib çıxaracaq”.