"Şuşada nəfəs almaq qürurvericidir"


Tural Abbaslı: "Şəhər dirçəlir, təmir-tikinti işləri gedir"

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.
 Onlar ötən gün  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiəti ilə Şuşaya yola düşüblər.
Səfər ölkənin əksər siyasi partiya sədrlərinin və rəsmilərinin iştirakı ilə reallaşıb.

Partiya liderləri Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və düşmən vandalizminə məruz qalmış Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

Şuşaya səfər edən AĞ Partiya başqanı Tural Abbaslı “Şərq”lə təəssüratlarını bölüşüb:

“İşğaldan azad olunmuş torpaqlarımıza gəlmək, burada nəfəs almaq, yerimək, görmək, foto çəkdirmək qürurvericidir. Bu gerçəkliyə görə şəhidlərimizə, onların ailələrinə, qazilərimizə, döyüşçülərimizə minnətdarıq. Çünki bu səfərlərimiz, torpaqlarımıza qovuşmağımız onların sayəsindədir. Bizim də borcumuz bizə bu sevinci yaşadan insanların qədrini bilməkdir.  Çox gözəl hisslər keçirdik, Şuşa dirçəlir, təmir-tikinti işləri gedir.  Hiss olunur ki, burada yaşam qayıdıb. İnşallah, bütün işğaldan azad olunan ərazilərimiz dirçəlsin. Biz o yerləri qarış-qarış gəzək, 30 illik qubarı, kədəri ürəyimizdən ata bilək”.