“Noyabr-dekabr aylarında vəziyyət pisləşəcək” – Üçüncü doza vacibdir!

Adil Qeybulla:“Buster dozanın vurulması immuniteti yenidən stimulyasiya etmək üçün”

Vaqif Qarayev:“Buster dozanın Rusiya, həmçinin Gürcüstan, Avropada vurulmasına başlanılıb. Nə dərəcədə effekt verəcək, bunu ilin axırında görə bilərik”

Milli Məclisin sədr müavini Rəşad Mahmudov Report İnformasiya Agentliyinə açıqlamasında vaksinasiya ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər:

“Buster (üçüncü) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Əlbəttə ki, bunlar birmənalı olaraq dünya səhiyyə qurumlarının apardıqları tədqiqatların nəticəsi olaraq ortaya qoyulmuş həqiqətlərdir”.

Üçüncü doza ilə bağlı “Sherg.az”a danışan tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, COVİD-19 xəstəliyini RNT daşıyıcı, yəni “genemonda” “ribonuklein” turşusu olan “SARS-COV-2” virusu yaradır:

“Tez-tez mutasiyaya uğradığına görə yaranan immunitet uzunömürlü deyil. Buster dozanın vurulması immuniteti yenidən stimulyasiya etmək üçün məqsədəuyğundur. Dünya Səhiyyə Təşkilatı üçüncü doza peyvəndin vurulmasını tövsiyə edir”.

Həkim-pediatr Vaqif Qarayev qeyd edib ki, hazırda təkcə bizim ölkədə deyil, dünyada da üç, hətta dördüncü dozanın vurulması yaxud da hər 6 aydan bir peyvəndlənmə söhbəti gedir:


“Üçüncü doza vaksin Azərbaycanda da vurulur. Həkimlərin çoxu “Sinovac”dan sonra “Pfizer” vaksini ilə peyvəndlənib.  Nə dərəcədə qoruyur, onu heç kim dəqiqliklə deyə bilməz. Hər şey epidemioloji prosesin gedişatından asılıdır. Son vaxtlar “məcburi” peyvəndlənmə başladı, vaksin pasportu olmayanlara qadağalar qoyuldu. Peyvənd məntəqələrində növbələr yarandı. Düşünürəm ki, ölkəmizdə yoluxmanın azalmasının bir səbəbi də peyvəndlənmə oldu”.

Həkim diqqətə çatdırıb ki, hazırki vaksinasiya prosesi yanvarda olsa idi, indi daha dəqiq fikir bildirmək olardı:

“Dalğa sözünü qəbul etmirəm, çünki nə vaxt ki, qapanmalar aradan qaldırılır, yoluxanların sayı da artır. Ölkəmiz toylara çox tez icazə verdi. Adını dalğa qoydular, amma elə deyildi. Toyların qadağası qaldırıldıqdan sonra yoluxma sayı artdı, ölənlər də oldu. Qapanmaların aradan götürülməsini iqtisadiyyatla, işsizliklə əlaqələndirirlər. 150 nəfərə icazə verilir, 500 nəfərə yox. Əgər onların arasında iki nəfər daşıyıcı varsa, 150 nəfər də, 500 nəfər də buna yoluxa bilər. Bunun heç bir fərqi yoxdur”.

Pediatr onu da əlavə edib ki, Rusiyada dünən yoluxma və ölüm sayı rekord həddə çatıb:

“Buster dozanın Rusiya, həmçinin Gürcüstan, Avropada vurulmasına başlanılıb. Nə dərəcədə effekt verəcək, bunu ilin axırında görə bilərik. Amma indidən artıq anonslar gedir ki, noyabr-dekabr aylarında vəziyyət pisləşəcək. Lakin onu deyə bilərəm ki, peyvənd sözsüz ki, yoluxma sayına təsir göstərir, vaksinasiya olunan insanlar digərləri ilə müqayisədə daha yüngül keçirir”.

V.Qarayev vurğulayıb ki, dünyanın ən inkişaf etmiş ölkələrinin statistikasında reanimasiyada olanların 90 faizi peyvəndsiz insanlardır:

“Peyvəndlənmə insanları sığortalayır. Neçə aylardır vaksin olunmağı təbliğ edirəm. Çünki praktikada peyvəndli insanla, peyvəndsiz göz önündədir”.

V.Qarayev qənaətincə, Azərbaycanda uşaqlarla bağlı statistika o qədər də qorxulu deyil:

“Amma böyük ehtimal ki, havalar soyuduqca insanların immuniteti zəifləyir. Ona görə də istəyirlər ki, uşaqları sığortalasınlar. Düzdür, uşaqlarda koronavirusun ağır forması çox az hallarda olur. Amma hər halda epidemioloji situasiyanı idarə etmək lazımdır”.