Vətən müharibəsi dövründə videosu yayıldı. Gülləbaranın içində özünü çəkirdi. Gözlərində həm ümid, həm də məğrurluq var idi. Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Elvin Abdurahmanovdan danışıram.
Siz də xatırlayırsınız onu. Doğum günündə lentə alıbmış o anları. Videosu yayılandan bir neçə gün sonra şəhidlik xəbərini eşitdik. Zatən cənnətə uğurladığımız hər oğulun acısı ürəyimizə od salırdı. Amma Elvin bir başqa yandırdı bizi.
Hələ də onun gözlərini yaddaşımızdan silə bilmirik. Xudayarın səsi necə qulağımızdadırsa, Elvinin də son baxışları elə xatirəmizdədir.
Elvin 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2003-2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kəngərli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlayıb. Elvin də Azərbaycan ordusunun vuran qolları olan xüsusi təyinatlılardan biridir.
Qəhrəmanımız Son Qarabağ müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhadətə ucalıb.
Ötənlərdə 25-ci doğum günü idi. Ailəsi, dostları, doğmaları məzarı başında əziz xatirəsini yad ediblər
Atası Əbülfəz kişi çıxışı zamanı deyib ki, 1 il öncə Elvini doğum günündə təbrik etmək məqsədilə onunla əlaqə saxlamağa çalışıb. Amma oğlu Vətən müharibəsində savaşdığı üçün bu, mümkün olmayıb:
“O, doğum gününü silahdaşları ilə gülləbaran altında qeyd etdi. Bu gün isə gül yağışında ad gününü qeyd edirik. Döyüş yoldaşları da buradadır. Bizim üçün həm çətindir, həm də qürurlu. Elvin ailəsindən də çox sevdiyi Vətəni, bayrağı uğrunda canından keçdi”.
Anası Elmira xanım oğlu ilə son telefon danışığını xatırlayıb. Demə, Elvin öz taleyini, şəhildik zirvəsinə yüksələcəyini bilib. Ailəsindən şəhid olduğu təqdirdə başlarını dik tutmalarını istəyib:
“Söylədi ki, sənin daha iki oğulun var, mən isə Vətənin oğluyam.
Keçən il ad günündə onu təbrik edə bilmədiyimiz üçün pis oldum. Elə səhəri gün də şəhadətə ucalıb. Yeni yaşını sadəcə bir gün yaşaya bildi. Nə qədər çətin də olsa, qürurluyam”.
Hərbçi yoldaşları isə Elvini qorxmaz bir döyüşçü kimi xatırlayırlar.
Qeyd edək ki, Elvin Abdurahmanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.