“Oktyabrın 4-ü Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə, o cümlədən Cəbrayıl rayonuna səfər etdi. Səfər zamanı prezidentimiz bir sıra mühüm bəyanatlar verdi. Bütün bölgə dövlətlərinin Azərbaycanın yaratdığı reallıqla barışmalı olduqlarını bir daha vurğuladı”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, görünən odur ki, Vətən müharibəsində qələbə, Azərbaycanın bölgədə yaratdığı yeni reallıq bir sıra dairələri ciddi narahat etməkdədir.
C.Məmmədov İranı nəzərdə tutaraq bildirib ki, müəyyən qruplar din pərdəsi altında ayrı-seçkilik salmağa, dövlətin həyata keçirdiyi siyasəti gözdən salmağa, Azərbaycan vətəndaşlarını dövlət əleyhinə qaldırmağa çalışırlar:
“Heç şübhəsiz ki, Azərbaycan müstəqil və güclü dövlətdir, heç kim onu haqq yolundan çəkindirə bilməz”, - deyə C.Məmmədov əlavə edib.
Millət vəkilinin fikrincə, baş verən son hadisələr dini fəaliyyət sahəsində daha həssas və çevik qərarların qəbul edilməsini zəruri edir:
“Hesab edirəm Vətən müharibəsindəki qələbədən sonra qarşıda duran ən mühüm məsələlərdən biri dini təhlükəsizliyimizin gücləndirilməsi, din sahəsində cərəyan edən proseslərə nəzarətin daha da gücləndirilməsi, Azərbaycan Respublikasının din siyasəti konsepsiyasının qəbul edilməsi və din sahəsində çevik qərarların qəbul edilməsidir”.