Su və ərzaq qıtlığı! - “Ciddi proqramlar hazırlamalıyıq” – Böhran dərinləşir!

“Əlbəttə, söhbət dəniz suyunun şirinləşdirilməsindən gedir”

“Gələcəkdə Xəzər dənizinin suyundan da istifadə etmək üçün yeni texnologiyaların Azərbaycana gətirilməsi haqqında indidən düşünməliyik"
 

Su qıtlığı problemi bütün qitələri narahat edir. Dünya əhalisinin üçdə ikisi ( milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur.Yarım milyard insan isə il boyu su qıtlığından əziyyət çəkir.Dünyanın böyük şəhərlərinin yarısında bu problem var. Su böhranından ən çox əziyyət çəkən ölkələr sırasında Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana ön cərgələrdə yer alıb. Son onillikdə şirin suya olan tələbatın artması məlum böhranı daha da dərinləşdirib. 

Mövcud durum davam edərsə, 2030-cu ildə suya olan tələbatın su təminatını 40 faiz üstələyəcəyi proqnozlaşdırılır. Hər il 4 milyard insan su qıtlığı ilə üzləşir.

   Dünya Riski İnstitutunun baş direktoru Endrü Stirinin bu barədə açıqlamasını yada salaq: “Su qıtlığı ən böyük böhrandır. Onun barəsində heç kəs danışmaq istəmir. Su qıtlığının nəticələri ərzaq çatışmazlığı, münaqişə və miqrasiyalar, habelə maliyyə sabitliyinin pozulması şəklində təzahür edir”. Demək, su qıtlığı problemi digər sahələrdə də çox ciddi böhranlara səbəb ola bilər.  

    Bəs Azərbaycanda bununla bağlı hansı tədbirlər görülür? Hazırda malik olduğumuz su ehtiyatları  perspektivdə bizi qane edəcəkmi? Mövcud şəraitdə sözügedən böhrana qarşı hansı qabaqlayıcı tədbirlər görə bilərik? 

Suallarımızı cavablandıran iqtisadçı - ekspert Natiq Cəfərli qeyd edib ki, son zamanlar dünyada müzakirə olunan mövzulardan biri də şirin su hövzələrinin azalması və insanların suya olan ehtiyaclarının gələcəkdə daha kəskin bir problem halına gəlməsidir:

“Hətta indi də BMT-nin hesablamalarına görə dünya  üzrə bir milyarddan çox insanın keyfiyyətli suya çıxış imkanları yoxdur. Belə olduqda su qıtlığından əziyyət çəkən insanların sayının bir milyardı keçdiyi deyilir. Bu çox ciddi bir problemdir. Azərbaycana da bunun təsirləri olacaq. Qeyd edim ki, 44 günlük Vətən savaşından sonra işğal altında olan torpaqların azad olunması kifayət qədər su ehtiyatlarının Azərbaycanda genişlənməsinə səbəb oldu. Su ehtiyatlarına daha çox çıxış əldə etməyə imkan yarandı. Amma bu, yetərli deyil. Çünki Azərbaycanın iki ən böyük su ehtiyaclarını qarşılayan arteriya Kür və Araz çayları başqa ölkələrdən keçdiyinə, həmin ölkələrdə daha çox istifadə olunduğuna, bu ölkələrin su ehtiyatlarını daha çox istismar etdiyinə görə Azərbaycan onlardan asılı vəziyyətdədir. Yəni yaxın gələcəkdə Kür və Arazda suyun səviyyəsinin azalması baş verəcəksə bu digər ölkələrdə - həmin çayların keçdiyi ölkələrdə - suya olan  ehtiyacın  artdığına görə daha çox sudan istifadəyə səbəb olacaq. Buna görə də biz artıq bununla bağlı ciddi proqramlar işləyib hazırlamalıyıq, ciddi işlər görməliyik. Bu kənd təsərrüfatına da aiddir. Bu sahədə suvarma sistemi yenidən qurulmalıdır, qənaətli, damcılı suvarma sisteminə keçilməlidir. Əhalinin sudan istifadəsinin optimallaşdırılması  üçün yollar tapılmalıdır, israfçılığa qarşı mübarizə istiqamətində addımlar atılmalıdır. Biz sonunda bu məsələni həll etməli olacağıq. Əlbəttə, söhbət dəniz suyunun şirinləşdirilməsindən gedir. Gələcəkdə Xəzər dənizinin suyundan da istifadə etmək üçün yeni texnologiyaların Azərbaycana gətirilməsi haqqında indidən düşünməliyik" .

     Qeyd edək ki, Azərbaycan su itkisinə görə MDB ölkələri arasında 28 faizlə birinci yerdə qərarlaşıb. 
Digər MDB ölkələrində Qazaxıstanda su itkisi 13 faiz, Ukraynada 12 faiz, Rusiyada 10 faiz, Moldovada 7 faiz, Belarusda isə 5 faizdir. Su itkilərinə səbəb əsasən köhnəlmiş irriqasiya sistemləridir.