Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Bakıda həbsdə saxlanan beş ermənini Ermənistana təhvil verib. Onların təhvil verilməsi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş tutub. Artıq bir aydan çoxdur ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb. Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyi bildirilib.
Rüstəm Muradovun sülhməramlıların komandanı olmamasına baxmayaraq, maraqlıdır, niyə proses yenidən onun iştirakçılığı ilə baş tutub?
"Sherg.az"ın sualını cavablandıran Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bu R.T.Ərdoğan və Putin görüşündə razılaşdırılmış məsələdir. Onun sözlərinə görə, erməniləri kimin geri qaytarmasının əhəmiyyəti yoxdur:
"Zəngəzur dəhlizi açılacaq. Azərbaycanla Ermənistan arasında sülh sazişinə hazırlıq gedir. Ermənistan əhali arasında narazılıqlarının aradan qaldırılması üçün bu ərəfədə belə humanitar addımlar atılmalıdır".