"Şərq" qəzeti 25 yaşını qeyd edir.
Bu münasibətlə BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu da təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
""Şərq" qəzeti müasir Azərbaycan media sistemində böyük rolu, əhəmiyyəti, ənənəsi olan qəzetdir. Azərbaycanın müstəqillik illərində yeni yaranan ilk qaranquşlardan biri də "Şərq" qəzeti olub. Bu qəzet müstəqil Azərbaycanın jurnalistikasına yeni nəfəs, üslub gətirib. "Şərq" məktəbində jurnalist nəsilləri yetişib. Yeni nəsil jurnalistlər gənc yaşlarında ailələrində "Şərq" qəzetinin oxunduğunu görüb, hətta bu qəzetlə böyüyüblər. Cəmiyyətimizin maariflənməsi, bilgilənməsi baxımından da "Şərq" qəzetinin özünəməxsus dəst-xətti var.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə "Şərq" qəzeti sıx əməkdaşlıq edir. "Şərq" fakültəmizin ərklə qapısını açdığı aparıcı qəzetlərimizdən biridir. Bizim xeyli sayda tələbəmiz orada çalışır. Elə məzunlarımız var ki, onlar yalnız fakültəmizin deyil, həm də "Şərq" qəzetinin yetirmələri olublar.
Başda dəyərli ustad jurnalistimiz Akif Aşırlı olmaqla, "Şərq" qəzetinin kollektivinə böyük uğurlar arzu edirəm. Zatən "Şərq" ürəklərdə zirvəni fəth edib və inanıram ki, həmişə aparıcı mövqeyini qoruyub saxlaya biləcək!".