“...Ermənistan cəmiyyəti Türkiyəyə inteqrasiya etmək məcburiyyətində qalacaq”
“Türkiyənin Ermənistanla yaxınlaşması və rəsmi İrəvanın Rusiyadan uzaqlaşması regionda rəsmi Ankaranın rolunun daha da güclənməsinə şərait yaradacaq"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində
jurnalisitin “Ermənistandan gələn müsbət bir mesaj varmı” sualını cavablandırıb. O Ermənistanla sərhədin açılması ilə bağlı qarşı tərəfdən müəyyən müsbət ismarışlar gəldiyini qeyd edərək buna dair məsələləri Azərbaycanla məsləhətləşəcəklərini deyib:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarına səfəri zamanı azərbaycanlı həmkarım Ceyhun Bayramovla görüşdüm. Bu məsələləri ətraflı müzakirə etdik. Ermənistan tərəfdən müəyyən müsbət mesajlar var. Bu mesajlara eyni formada cavab verəcəyimizi demişik.
Azərbaycan münaqişədən sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edir. Ancaq Ermənistan buna hələ də müsbət cavab verməyib. Ermənistanla münasibətlər məsələsində Azərbaycanla birgə hərəkət edəcəyimizi dəfələrlə demişik və bu mövqeyimiz dəyişməz olaraq qalır".
Mövzunu “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Azərbaycan açıq şəkildə Türkiyənin Ermənistanla sərhədləri açılmasına qarşı olmadığını deyib:
"2009-cu ildə sərhədlərin açılması məsələsi yaşanmışdı, kəskin reaksiya vermişdik. R.T. Ərdoğan Qarabağ məsələsi həll olunmasa, sərhədlərin açılmayacağını söz vermişdi. Bu Türkiyəyə sərbəstlik verir. Əslində Türkiyə Ermənistanla sərhədləri açaraq Cənubi Qafqaza daha güclü daxil olur. Ermənistan Rusiyanın “qucağına” qısılmış vəziyyətdədir, Türkiyə isə Azərbaycanda güclənib. Sərhədlər açılsa, Ermənistan cəmiyyəti Türkiyəyə inteqrasiya etmək məcburiyyətindədir. Rusiya Azərbaycan və Ermənistanı təyziq altında saxlamağa çalışır. Bu ölkələrə kommunikasiyaların təmin olunması ilə bağlı öhdəliklər qoyur. Türkiyənin Ermənistanla yaxınlaşması və rəsmi İrəvanın Rusiyadan uzaqlaşması regionda rəsmi Ankaranın rolunun daha da güclənməsinə şərait yaradacaq".
T.Rzayevin sözlərinə görə, rəsmi Ankaranın hədəfi Orta Asiyaya açılmaqdır:
"Orta Asiyaya doğru genişlənmək üçün Cənubi Qafqaz keçid zonadır. Həm Türkiyə, həm də Azərbaycanın Ermənistanla iqtisadi əlaqələri formalaşarsa, dövlətlərarası münasibətlərdə düşmənlik azalar. Sülh müqaviləsinin imzalanması ilə bölgədə sabitliyin qələbə çalması mümkün ola bilər”.