Novella Cəfərova:"İstəyərdim ki, nəticədən asılı olmayaraq belə adların uşaqlara verilməsi ənənəsi davam etdirilsin”
Bu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub. Xəbərə görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir. 2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.
Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi. Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilib. Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.
Qeyd edək ki, uşaqlara qəhrəman adlarının verilməsi cəmiyyətdə fikir ayrılığı yaradan mövzulardandır. Kimi bunu vətənpərvərlik nümunəsi hesab edərək yüksək qiymətləndirsə də, bəziləri bunun doğru yanaşma olmadığını iddia edirlər. Və bildirirlər ki, həmin uşaq böyüdükdə bu adları doğrultmaya bilərlər.
Mövzu ilə bağlı “Sherg.az” a danışan hüquq müdafiəçisi Novella Cəfərova bildirib ki, bu, ailənin şəxsi seçimidir:
“İstənilən qəhrəmanımızın adını valideynlər övladlarına qoya bilərlər. Adi bir misal çəkim, Türkiyədə Atatürk adı verilən çoxlu sayda uşaq var. Bu, o demək deyil ki, onların hamısı böyüdükdə Atatürk kimi olacaqlar. Bizdə də hazırda Mübariz, Polad ,Xudayar kimi qəhrəmanlarımızın adları yeni doğulan körpələrə verilir. Təki həmin uşaqlar da böyüdükdə onlar kimi cəsarətli övladlar, oğullar olsunlar. Amma olmasalar da, biz buna görə valideynlərini qınaya bilmərik ki, övladına bu adları qoyma. Gələcəyi indidən bilmək olmur”.
Hüquq müdafiəçisi vurğulayıb ki,qəhrəman adları həmin şəxslərdə məsuliyyət hissini artıra bilər:
“Yenə də istəyərdim ki, nəticədən asılı olmayaraq belə adların uşaqlara verilməsi ənənəsi davam etdirilsin” .