Xarici ölkələrdən rüşvətlə alınan diplomlar... - Qarşısını necə almalı? 

Ramal Şəmsədli: "Ukrayna və Rusiyada tələbələrimiz əyani şəkildə orda qeydiyyatdan keçirlər, amma qiyabi kimi "təhsil" alırlar"

"Əgər diplom əyani şəkildə alınıbsa, tələbəmizin girişi-çıxışı da əyani şəkildə deyil, qiyabi şəkildədirsə, o tələbəmiz məhkəməyə verilməlidir. Çünki bu diplom rüşvətlə alınıb"

"Mənim şəxsən özümün tanıdığım və o şəkildə oxuyan tələbələr var. Nə qədər təbliğat aparılsa da, sözə məhəl qoyulmur, öz bildiklərini edirlər" 


Diplomların tanınması ilə bağlı oktyabr ayı üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyat Təminatı Agentliyindən verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Mövzu ilə bağlı təhsil eksperti Ramal Şəmsədli "Şərq"ə açıqlamasında bildirib ki, bu problem uzun illərdir ki, davam edir. Ekspert qeyd edib ki, bütün bu problemlər vətəndaşlarımızın araşdırma aparmaması nəticəsində baş verir: 

"Bilirsiniz ki, diplomların tanınması ilə bağlı qərar Təhsil Nazirliyinin səhifəsində qeyd olunub. Amma bir şey gerçəkdir ki, bizdə insanların 70 faizi bu barədə araşdırma etmir, yəni sadəcə, ağızdan eşitdikləri informasiyalara görə hərəkət edirlər, diplom alırlar və sonda həmin diplomlar tanınmır. 

Hesab edirəm ki, bu cür halların yaşanmaması üçün təhsil nazirimiz müvafiq addımlar atmalıdır. Məsələn, təhsil naziri ildə heç olmasa 5-6 dəfə bəzi televiziya verilişlərində, sosial mediada diplomlar barədə məlumat verməlidir. Bundan başqa, insanların daim diqqətinə çatdırılmalıdır ki, hansı şəkildə Azərbaycanda diplomlar tanınmır. Çox zaman televiziya proqramlarında hansı ölkənin diplomları Azərbaycanda tanınmır kimi fikirlər səsləndirilir. Əslində, bu informasiya onlara lazım deyil. Çünki insanlara hansı ölkədə tanınmır yox, hansı şəkildə olsa Azərbaycanda diplomlar tanınmır deyə informasiya verilməlidir. Bu informasiya duyğusunu biz güclü şəkildə aparmalıyıq. Gənclərimiz birmənalı şəkildə bilməlidilər ki, hansı qaydalarda onların diplomları tanınacaq. Hazırda ölkəmizdən kənarda bu şəkildə yüzlərlə tələbəmiz təhsil alır. Həmin tələbələrlə biz görüş keçirsək və suallar yönləndirsək ki, "Siz bilirsinizmi ki, hansı şəkildə oxusanız diplonunuz tanınacaq, hansı şəkildə tanınmayacaq?"  inanın ki, bu barədə heç bir məlumatları olmayacaq".

R.Şəmsədli vurğulayıb ki, əsasən Rusiyada və Ukraynada təhsil alanların diplomları tanınmır: 

"Türkiyə dövlət universitetlərinin hər biri Azərbaycanda tanınır. Onu da qeyd edim ki, Azərbaycanda ümumiyyətlə, distant təhsillə oxuyanların diplomları tanınmır. Hazırda 81 tanınmayan diplom Rusiya, Ukrayna, Gürcüstandan alınan diplomlardır. Qeyd edim ki, Gürcüstanda tez-tez qərarlar dəyişir. Məsələn, tələbə rus dilində təhsil alıb, ancaq diplomunda qeyd olunur ki, gürcü dilində təhsil alıb. Burda da təbii ki, tələbə hansı dildə diplomu yazılıbsa, o zaman həmin dildə imtahan verir. Tələbəmiz də gürcü dilini bilmədiyinə görə, imtahanda aşağı nəticə toplayır və nəticədə diplomu tanınmır. Ukrayna və Rusiyada tələbələrimiz əyani şəkildə orda qeydiyyatdan keçirlər, amma qiyabi kimi "təhsil" alırlar. Yəni onlar sadəcə imtahan vaxtı həmin ölkəyə gedirlər, qalan vaxtları isə Azərbaycanda olurlar. Bunun da səbəbi nə ilə bağlıdır? Bilirik ki, qiyabi oxuyanlara bizdə əsgərlikdən möhlət hüququ verilmir. Sual yarana bilər ki, bəs onlar necə yayına bilirlər bundan? Qeyd edim ki, hər il hərbi komissarlıq  tələbənin orda oxumağına dair sənəd tələb edir. Onlar da orda əyani şəkildə qeydiyyatdan keçdiyinə görə istər-istəməz həmin sənəddə əyani yazılır. Ona görə də onlar möhlət hüququ qazana bilirlər. Hesab edirəm ki, bizim hərbi komissarlıq həmin sənədin yanında həm də xarici pasporta dair girişi-çıxışı tələb etməlidir. Bu, çox önəmlidir. 

Əks təqdirdə, dərhal həmin şəxsin möhlət hüququ ləğv edilməli və hərbiyə göndərilməlidir. Çünki bu şəkildə diplom almağın saxta diplom almaqdan heç bir fərqi yoxdur. 

Nazirliyimiz bunun üçün də nə edə bilər? Əgər diplom əyani şəkildə alınıbsa, tələbəmizin girişi-çıxışı da əyani şəkildə deyil, qiyabi şəkildədirsə, o tələbəmiz məhkəməyə verilməlidir. Çünki bu diplom rüşvətlə alınıb. Mənim şəxsən özümün tanıdığım və o şəkildə oxuyan tələbələr var. Nə qədər təbliğat aparılsa da, sözə məhəl qoyulmur, öz bildiklərini edirlər. 

Sonda da bu problemlə üzləşirlər. Ümumiyyətlə, fikrimcə, insanların bu məsələdə bir az qorxusu olmalıdır. Artıq bu problemin ciddi mənada qarşısı alınmalıdır. Çünki hər il keçdikcə, bizim o şəkildə tələbələrimizin sayı daha da artır".