"Qlobal Bakı Forumu Azərbaycanın yaratdığı platformadır və bu platformada dünyanın seçilmiş ziyalı şəxsləri iştirak edirlər"
Məlum olduğu kimi Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.
Panellər formasında təşkil olunan tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları; “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Bununla əlaqədar olaraq dünən Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Həmçinin, 44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olunub. Mərkəzin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulanıb. Söhbət zamanı noyabrın 4-dən 6-dək “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğu qeyd edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri pandemiyaya baxmayaraq, Mərkəzin aktiv fəaliyyət göstərməkdə davam etdiyini, çoxsaylı konfranslar keçirdiyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirdiyini bildiriblər. Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəkləri vurğulanıb.
Millət vəkili Azər Badamov deyib ki, Bakı beynəlxalq gündəliyi üçün aktual məsələləri müzakirə edilən meydana çevrilib. Deputatın sözlərinə görə, pandemiyadan əvvəl müxtəlif təyinatlı beynəlxalq tədbirlər Bakıda keçirilib və dünyanı narahat edən məsələlərin müsbət müzakirələri aparılıb:
“Pandemiya dövründə də Bakı videoformatda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qlobal Bakı Forumu Azərbaycanın yaratdığı platformadır və bu platformada dünyanın seçilmiş ziyalı şəxsləri iştirak edirlər. O cümlədən noyabrın 4-dən 6-dək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumu keçirilməsi nəzərdə tutulur. Bu Forumda da COVİD-19-dan sonra yeni dünya nizamı, Yeni Dünya İqtisadiyyatı, Səhiyyə və əhalinin vaksinasiyası, Cənubi Qafqaz, regional inkişaf və əməkdaşlıq üçün perspektivlər və digər mövzularda müzakirələrin aparılması nəzərdə tutulur”. Parlament üzvü vurğulayıb ki, dünya ictimaiyyətini düşündürən aktual mövzuların məhz Bakıda müzakirəsi Azərbaycanın dünya üçün daha əhəmiyyətli ölkəyə çevrilməsinin göstəricisidir: “Beynəlxalq siyasi platformaların zəfərimizdən sonra yaratdığımız yeni reallığın müzakirəsi üçün də bir imkan olduğunu düşünürəm.
Dünyanın müxtəlif yerlərindən Bakıya gələcək siyasətçilər və elm adamları bir daha görəcəklər ki, Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıq əməkdaşlıq və sabitliyə xidmət edir”.