"Biz üstünlüyü 1920-ci ilə qədər olan xəritəyə verməliyik"
Faiq Ələkbərli: "Ermənistan SSR 1920-ci ilin noyabrın 29-da yaradılarkən ərazisi cəmi 10 min kvadrat kilometr idisə, 1930-cu ilə qədər ərazisi 3 dəfə böyüyərək, 29 min kvadrat kilometrə çatdırıldı"
Son zamanlar istər Azərbaycanda, istərsə də Ermənistanda ən çox danışılan mövzulardan biri sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlıdır. Rusiya Prezidenti Vladimir Putinin Soçidəki çıxışı zamanı onun 1920-ci illərə aid xəritəsinin Rusiyanın Baş Qərargahında olduğunu deməsi, XİN rəsmisi Mariya Zaxarovanın ölkələr arasında demarkasiya və delimitasiya prosesinin başlanmasında israrlı olduğunu bəyan etməsi prosesin yaxın vaxtlarda başlayacağından xəbər verir. Münaqişənin tam şəkildə başa çatdığını rəsmi şəkildə təsdiq edən amillərdən biri məhz sərhəd məsələsinin həyata keçirilməsidir. Müzakirə predmetinə çevrilən mövzular arasında Putinin konkret hansı xəritələrdən bəhs etməsi məsələsi də var. Bəzi tarixçilərə görə, söhbət Rusiyanın Baş Qərargahının 1928-ci ildəki xəritəsindən gedir.
Onların fikrincə, 1928-ci ilədək dəqiq hərbi topoqrafik xəritələr olmayıb. Mütəxəssislərə görə, sərhədlərin demarkasiyası üçün internet məkanında gəzən xəritələr deyil, məhz bütün nöqtələri bir neçə metrə qədər dəqiqliyi ilə göstərən xəritələr lazımdır. Mediada 1960-1970-ci illərin xəritələrindən də bəhs edilir. Vurğulanır ki, sərhədlərin dəqiq müəyyən edilməsi üçün SSRİ Kartoqrafiya və Geodeziya İdarəsinin xəritələrinə əsaslanmaq lazımdır. Bir qisim isə hesab edir ki, 1991-1992-ci ildə, yəni Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra hazırlanmış xəritələr əsas götürülməlidir. 1992-ci ildə hazırlanmış yeni xəritələrin əvvəlkilərdən fərqlənmədiyi deyilir. Coğrafiyaçı alimlər isə vurğulayırlar ki, sərhədlərin delimitasiyası və demarkasiyasi topoqrafik xəritələr əsasında aparılmalıdır. Tədris xəritələri ilə sərhəd xətti çəkmək olmaz. Göründüyü kimi sərhədlərin necə müəyyən ediləcəyi və hansı dövrün xəritələrinin əsas götürüləcəyi ətrafında kifayət qədər ziddiyyətli məqamlar var.
Mövzunu “Şərq”ə dəyərləndirən AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli deyib ki, Qarabağ məsələsindən sonra ən mühüm problem Azərbaycan-Ermənistan sərhədlərinin dəqiq müəyyən edilməsidir. Alimin fikrincə, sərhədlərin müəyyən edilməsi prosesində xeyrimizə olmayan bəzi məqamlar var:
“Müzakirələrdə sovet dövrünün xəritələrindən bəhs edilir, onların əsas götürülməsinin zəruriliyi vurğulanır. Məsələ ondadır ki, sovet rejimi müxtəlif tarixi mərhələlərdə Naxçıvan, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Gədəbəy, Daşkəsən, Tovuz, Qazax və başqa rayonlarımızdan torpaqlarımızın bir hissəsini müxtəlif bəhanələrlə, saxtakarlıqlarla Ermənistan SSR-yə hədiyyə edib. Ermənisan SSR adlı bir “dövlət” 1920-ci ilin noyabrın 29-da yaradılıb. Daha sonra Qərbi Zəngəzurun mühüm hissəsinin Ermənistana verilməsi məsələsi gündəmə gəlib və reallaşdırılıb. Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 27 aprelində işğal edilib və 28 apreldə AXC-nin sərhədləri daxilində Azərbaycan SSR yaradılıb.
Burada faktiki olaraq 114 min kvadrat kilometr ərazidən söhbət gedir. 28 apreldə elan edilmiş Azərbaycan SSR 1922-ci ilin dekabrın 30-na kimi formal olaraq müstəqilliyini saxlayıb. Məhz ərazi baxımından 1920-22-ci illər bizim üçün çox önəmlidir. Həmin dövrdə Qərbi Zəngəzur da əlimizdə idi. 1929-cu ildə 9 kəndimiz Mehri rayonuna birləşdirilməklə Naxçıvanla Zəngilan arasında “Ermənistana aid torpaqlar” yaradıldı. Eyni zamanda Dərələyəz, Göyçə və digər mahallar Azərbaycandan zorla qoparılaraq ermənilərə verildi”.
F.Ələkbərli qeyd edib ki, 1920-ci ilin dekabrın 3-də isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində torpaq məsələsi ilə bağlı müzakirələr aparılıb:
“Kirov, Orconokidze və başqalarının təzyiqi nəticəsində dekabrın 3-də Nəriman Nərimanovun adı ilə “Kommunist” qəzetində Zəngəzurun və Naxçıvanın bəzi ərazilərinin Ermənistan SSR-yə verilməsi rəsmən təsdiq olunub. Ermənistan SSR 1920-ci ilin noyabrın 29-da yaradılarkən ərazisi cəmi 10 min kvadrat kilometr idisə, 1930-cu ilə qədər ərazisi 3 dəfə böyüyərək, 29 min kvadrat kilometrə çatdırıldı. Məsələ bununla da bitmədi və demək olar ki, SSRİ dağılanadək Azərbaycanın tarixi torpaqları qarış-qarış Ermənistana peşkəş edildi”.
Türkoloq-alim vurğulayıb ki, 1930-cu ilədək proses bütövlükdə həyata keçirilirdisə, sonrakı dövrlərdə torpaqlarımızı hissə-hissə qopartmağa başladılar:
“Ona görə üstünlüyü 1963-cü, yaxud 1970-ci ilin deyil, 1920-ci ilin xəritələrinə verməliyik. 1990-cı ilin əvvəlləri də ciddi problemlərlə üzləşdik, ermənilər və havadarları tərəfindən nə qədər ərazimiz işğala məruz qaldı, torpaq itirdik. Hesab edirəm ki, ən obyektiv seçim 1920-ci illərdə hazırlanmış xəritələrdir. Əlbəttə, mövcud reallığı və BMT-yə daxil olduğumuz sərhədləri nəzərə alsaq, bunun reallaşması mümkün olmaya bilər.
Amma bütün vasitələrdən istifadə edərək, müəyyən ərazilərin sərhədlərimiz daxilində qalmasına, ən azından həmin torpaqların hüquqi və tarixi baxımdan bizə aid olduğunu sübut etməyə çalışmalıyıq”.