Ölkələr arasındakı dialoqu prioritetə çevirmək lazımdır
COVID-19-dan sonra başqa dünya olacaq, hər şey çox dəyişəcək
“VIII Qlobal Bakı Forumu il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində bildirilib. Ərdoğan diqqətə çatdırıb ki, hər birimiz pandemiyanın mümkün qədər tez başa çatmasını arzu edirik. Bu baxımdan, hazırkı forum xüsusi əhəmiyyət kəsb edir.
Təəssüf ki, xüsusilə də ÜST heç də bütün məqsədlərə çata bilməyib. Bəzi ölkələr pandemiya ilə mübarizə aparmaqla məşğul olduqları bir zamanda Azərbaycan kimi ölkələr digər dövlətlərə yardım əlini uzadır. Əlbəttə ki, bütün dövlətlərin pandemiya ilə mübarizədə bərabər imkanlara malik olmasını istərdik, lakin bir sıra ölkələr bu baxımdan geri qalır”. Türkiyə Prezidenti pandemiyanın ölkələrin iqtisadiyyatına güclü təsir göstərdiyini də vurğulayıb. Türkiyə liderinin müraciətini keçmiş baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım səsləndirib.
“Dünya ölkələrinin yalnız 2/3 hissəsi əhalinin əksəriyyətinə vaksin vurub”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus videomüraciətində bildirib ki, ÜST-nin məqsədi bu ilin sonuna qədər bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvəndlənməsinə nail olunmasıdır: “Bizim COVID-19-dan sonra daha böyük həmrəyliyə nail olacağımıza inanırıq. Bu ayın sonunda Baş Assambleyanın növbəti toplantısı keçiriləcək. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsini yaratmalıyıq”. Baş direktor qeyd edib ki, pandemiyaya daha yaxşı hazır olmalıyıq: “Bizim səhiyyə müəssisələrimiz yüksək tibbi xidmətlərə hər zaman hazır olunmalıdır. Pandemiya nümayiş etdirdi ki, ən zəngin dövlətlər bu xəstəlikdən sığortalanmayıb. Xəstəlikdən qorunmaq insan hüquqlarından biridir. Pandemiya göstərdi ki, sağlamlıqla bağlı olan məsələ diqqət mərkəzində olmalıdır”.
“44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var”
Türkiyənin sabiq baş naziri Binali Yıldırım Forumun çox faydalı olacağını düşündüyünü deyib: “4 gün sonra Qarabağ zəfərinin ildönümünü qeyd edəcəyik. Azərbaycan 44 günlük savaşda Qarabağı azad edib. Bu mübarizəyə liderlik edən Prezident İlham Əliyevə təşəkkür edirik. 44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var. Artıq əsas məsələ bölgənin rifahı, inkişafıdır. Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli razılaşmada Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib. Bu istiqamətdə işlər davam edir. Bu məsələdə İranın müsbət, yaxud mənfi mövqe tutmasının çox anlamlı olduğunu düşünmürəm. Zəngəzur dəhlizindən bütün ölkələr faydalanacaq. İran köklü bir dövlətdir. İranla barış içində yaşayırıq, yaşamağa davam edəcəyik. Qafqaz ölkələri ilə bərabər Xəzər regionundakı dövlətlər də daxil olmaqla, bu platformanın genislənəcəyinə inanırıq”.
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi”
B.Yıldırım qeyd edib ki, Azərbaycan bu illər ərzində səbirlə gözlədi, lakin sonra başa düşdü ki, heç bir nəticə yoxdur və həll olunmamış məsələnin taleyini öz üzərinə götürməli oldu: “44 günlük müharibə zəfərlə sona çatdı və münaqişəyə son qoyuldu. Bir neçə gündən sonra qələbənin birinci ildönümü qeyd olunacaq. Allah şəhidlərə rəhmət eləsin! Nəhayət, ədalətsizlik aradan qaldırıldı. İndi biz gələcəyə baxmalıyıq. Regionda rəqabətə yox, əməkdaşlığa ehtiyacımız var. Azərbaycan-Ermənistan münaqişəsi bitdikdən sonra regionda altı ölkənin iştirakı ilə “Altılıq platforması”nın yaradılması təşəbbüsü irəli sürülüb. İnfrastruktur yerindədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP-ı əhatə edən Cənub Qaz Dəhlizinin tamamlanması. Bunlar beynəlxalq layihələrdir və Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirir. Bizim əsas missiyamız və məqsədimiz region ölkələrini bir araya gətirmək, xalqların rifahını yüksəltmək və dostluğu gücləndirmək, eyni zamanda düşmənçiliyi aradan qaldırmaqdır. Təbii ki, növbəti mərhələ qlobal sülhə töhfə verməkdir”.
“Qlobal Bakı Forumu yeni ideyalar üçün platformadır”
Latviyanın sabiq prezidenti Valdis Zatlers jurnalistlərə bildirib ki, iştirakçı ölkələr bu cür tədbirlərdən mövcud problemlərin müzakirə olunması məqsədilə istifadə etməlidir. O, Qarabağ münaqişəsinin geridə qaldığına diqqət çəkərək, region üçün yeni səhifənin başlandığını vurğulayıb: “Deyə bilərik ki, Qafqazda bir daha müharibə olmayacaq. Qarabağ məsələsi özünün həllini tapıb. Bu gün qarşımızda başqa problemlər dayanıb. Ölkələr arasındakı dialoqu prioritetə çevirmək lazımdır. Qlobal Bakı Forumu yeni ideyalar üçün platformadır. Baxın, burada nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Bu gün Qlobal Bakı Forumu digər dünya miqyaslı tədbirlərlə birlikdə qlobal məcrada əhəmiyyətli yer tutur”.
“Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ən mühüm toplantılarından biridir”
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib ki, 1990-cı ilin əvvəllərində Bakının çox ağır günlərini görüb: “Xarici işlər naziri olanda gülən insanları az görürdüm, hər kəs sıxıntı içində idi. Böyük zəfərin qazanılmasından sonra Bakıya gəlməkdən çox böyük sevinc hissi keçirirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu forum çox əhəmiyyətli tədbirdir. Mərkəzin bütün toplantılarına qatılmışam. Bu, ən mühüm toplantılarından biridir. Çünki COVİD-19-un bütün dünyanı işğal etdiyi bir dövrdə keçirilir. Pandemiya hələ də davam edir. Amma Mərkəzin bu şəkildə forumda toplanması son dərəcə əhəmiyyətlidir. Forumda COVİD-19-dan sonrakı dünya barədə danışırıq. Dünya COVİD-19-dan sonra başqa dünya olacaq, hər şey çox dəyişəcək. İqtisadi, sosial, internet ortamında, sosial mediada hər şey böyük ölçüdə dəyişəcək. Sağlamlıqla bağlı insanlara çox şey öyrədiləcək. Dünyada COVİD-19-dan sonra yeni mövzular müzakirə edilir”.
Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç vurğulayıb ki, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlıq və həmrəylik vacibdir: “Biz gələcəyi yüksək texnologiyalar olmadan qura bilməyəcəyik. Bizim gələcəyimizi formalaşdırmaq üçün planımız olmalıdır. Peyvəndlər siyasiləşdirilir. Beynəlxalq Olimpiya Komitəsi dünyada peyvəndlərin bərabər şəkildə paylanmasına tərəfdardır. Tokioda keçirilən Olimpiya Oyunları həmrəylik yönündə dünyaya bir mesaj idi”.
“Bəzi ölkələrdə peyvəndlə bağlı çətinliklər iqtisadiyyatın bərpasına mane olur”
Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva deyib ki, kütləvi peyvənd nəticəsində dünya ölkələrində iqtisadiyyat bərpa olunmaqdadır: “Bəzi ölkələrdə peyvəndlə bağlı çətinliklər iqtisadiyyatın bərpasına da mane olur. Bu ilin sonuna qədər dünya ölkələrində əhalinin 40 faizinə vaksin vurulması hədəfini qoymuşuq. Biz gələcək şoklara qarşı da müqavimətimizi artırmalıyıq. İqlim dəyişikliyinin təhdidləri qapımızdadır. Biz daha yaxşı dünyanı qurmalıyıq”.
“Biz çalışmalıyıq ki, peyvəndlər ədalətli şəkildə paylansın”
ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri, Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braun bildirib ki, pandemiyaya qarşı mübarizədə həmrəy olmalıyıq. Qordon Braun deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının səyləri nəticəsində toplanan vəsaitlə pandemiya dövründə 250 milyon insana yardım göstərilib: “Biz hər gün pandemiya ilə bağlı ölümlərin sayının artdığını görürük. Peyvənd olan yerlərdə ölüm səviyyəsi artır. Məsələn, Afrikada vaksinləmə səviyyəsi aşağıdır. Gəlirləri aşağı olan ölkələrə bu sahədə yardım etməliyik, bunu etməsək, sonra digərləri də bu təhdidlə üzləşməkdə davam edəcək. Peyvənd insan həyatını xilas edir. Peyvəndlər istifadəsiz qalmamalıdır. Biz çalışmalıyıq ki, peyvəndlər ədalətli şəkildə paylansın”. Qordon Braun qeyd edib ki, iqlim dəyişikliyi də ciddi problemdir: “Bərpa olunan enerji mənbələrindən istifadə genişlənməli, atmosferə karbon atılması sıfıra endirilməlidir”.
“Nizaminin ədəbi irsi regional birlik üçün bir elementdir”
Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib. Müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub. Roma Papası Forumun keçirilməsinin həm də Nizami Gəncəvinin 880 illiyi ilə eyni vaxta düşdüyünü bildirib: “Nizami Gəncəvi yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunub. Nizaminin ədəbi irsi regional birlik üçün bir elementdir. İnanıram ki, bu forum konkret və səmərəli təkliflər təqdim edəcək ki, bu da beynəlxalq cəmiyyət üçün önəmlidir. Həmçinin bu ortaq marağın tapılması beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqa və qarşılıqlı hörmətlə bağlı öhdəliklərin gücləndirilməsinə təkan verəcək”.