Dövlətlə xalqın birliyi bu qələbənin qazanılmasında xüsusi rol oynadı
"Azərbaycan təkcə ərazi bütövlüyünü, suverenliyini təmin etmədi, eyni zamanda erməni faşizminə ölümcül zərbə endirdi"
Dünən Milli Məclisdə deputatlar 8 noyabr - Zəfər Günü ilə əlaqədar parlamentin qəbul edəcəyi Bəyanatla bağlı müzakirə aparıblar. Millət vəkili Musa Quliyev bildirib ki, 100 il öncə Azərbaycanın bir hissəsi - Zəngəzur qoparılaraq, Ermənistana verilib, bununla da bütün türk dünyası arasında əlaqə kəsilib. Deputat qeyd edib ki, ancaq 44 günlük savaşda qazandığımız qələbə bu tarixi ədalətsizliyin aradan qaldırılmasına gətirib çıxardı:
“Zəngəzur dəhlizinin açılması bölgəyə əbədi sülh, tərəqqi gətirəcək. Bu qələbədə şəhidlərimizin qanı yerdə qalmadı. Bütövlükdə Azərbaycan xalqının qüruru özünə qayıtmış oldu. Postmüharibə dövründə şəhid ailələri, qazilərlə bağlı bir sıra yeni qanunlar qəbul edildi. Bu işdə Milli Məclis də fəal iştirak etdi. Postmüharibə dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında Mehriban xanımın dəstəyi ilə çox nəhəng işlər görülüb və görülməkdədir. Gələn il də quruculuq prosesi davam edəcək”.
Deputat Bəxtiyar Əliyev isə qeyd edib ki, 8 noyabr ədalətin zəfəri, eyni zamanda faşizmin məhvi idi:
“Bu gün artıq Prezidentin də bəyan etdiyi kimi, münaqişə keçmişdə qalıb. Erməni vandallarının dağıtdığı, yerlə-yeksan etdiyi şəhərlərimiz yenidən qurulur. Keçmiş məcburi köçkünlərimiz öz Prezidentinə inanır, onun siyasətinə sadiqdir”.
Deputat Elman Nəsirov diqqətə çatdırıb ki, 8 noyabr qürur mənbəyinə çevrilmiş şanlı tarixdir: “Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, eyni zamanda erməni faşizminə ölümcül zərbə endirdi. Artıq 1 ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib. Zəif büdcəyə malik Ermənistan iri həcmdə silah-sursat almaq imkanına malik deyildi. Deməli, təcavüzkarın şirnikləşdirilməsi siyasəti onda “arxayınçılıq sindromu” formalaşdırıb, cəzasız qalacağına inam yaratmışdı”.
Parlament üzvü Qənirə Paşayeva bildirib ki, qazilərimizin və şəhidlərimizin fədakarlığını xalqımız heç zaman unutmayacaq: “Dünyanın hər yerində yaşayan azərbaycanlılar Ali Baş Komandanın ətrafında birləşərək, hər biri özünü könüllü əsgər hiss etdi. Dövlətlə xalqın birliyi, bərabərliyi bu zəfərin qazanılmasında xüsusi rol oynadı. Milli Məclis də, hər birimiz Ali Baş Komandanın əsgəri kimi müharibə dövründə çalışdıq. Bu gün bu qələbəni qəbul etməyən xarici və daxili güclər var, onlar Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etməsini həzm edə bilmir. Dövlətimizin daha da güclənməsi üçün hamımız birliyimizi bundan sonra daha gücləndirməliyik. Xalqımız arasında zərərli düşüncə toxumları əkilməsinə imkan verməməliyik”.
Milli Məclisin üzvü Qüdrət Həsənquliyev də vurğulayıb ki, qələbənin əldə edilməsində hər kəs çalışıb. Qeyd edib ki, Prezident İlham Əliyev sərkərdə, dövlət adamı kimi müharibəyə başlamaq üçün doğru zamanı gözləyib:
“Dövlət başçısı İlham Əliyev diplomatik cəbhədə işlər görməklə yanaşı, güclü ordu qururdu. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevə xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan böyük basqı var idi. Bəzi jurnalistlərin hətta qərəzli suallarına Prezidentin necə uğurla cavab verdiyini gördük. Xalqımız möhtəşəm qələbəyə imza atdı. Bu qələbədə Ali Baş Komandanın xüsusi rolu var. Amma bütün xalqımız bunun üçün çalışdı. Xalqımız artıq başını dik tutub, dünya xalqları arasına çıxa bilər”.