“Düşmən stansiyalarda heç bir ekoloji normaları gözləməyib”


“Tərtərçay, Həkəri çayı və onların qolları üzərində yüksək hidroenerji potensialı var. Əfsus ki, mənfur düşmən tərəfindən tikilmiş kiçik su elektrik stansiyalarında heç bir ekoloji normalar gözlənilmədən çay istismar edilib, yararsız hala salınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu stansiyaların bərpası üzrə planlar həyata keçirilir, əməli nəticələr artıq əldə edilib:

“Artıq həmin ərazidə sənaye həcmli su elektrik stansiyasının tikintisi üzrə layihələr həyata keçirilməsi üzrə danışıqlar gedir. “Xudafərin” və “Qız Qalası” hirdoqovşaqları üzərində 140 meqavat gücündə su elektrik stansiyasının tikintisidir ki, bu da illik 358 milyon kilovat/saat elektrik enerjisinin istehsalı deməkdir. Bu stansiya 110 min ev təsərrüfatının elektrik enerjisi ilə təmin etməyə qadir olacaq”.

“Eyni zamanda, ərazini təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr öz nəticələrini verir”, - deyə o qeyd edib.