Hadrut komando briqadası! - “Türkiyə modelli ordu sistemi...” – Yeni çağırışlara hazırlıq! 

“Nəzərə alaq ki, Türkiyədə komando birlikləri antiterror əməliyyatlarında böyük rol oynayır”

“Ümumiyyətlə, komando hərbi birlikləri hazırlıqlı olduğuna görə, hər hansı döyüşlərdə çox itki vermək riskini aşağı salır”

“Bu, o deməkdir ki, müdafiə konsepsiyasında böyük, lakin peşəkarlığı elə də yüksək səviyyədə olmayan kontingent daha kiçik, mobil, lakin keyfiyyətcə üstün imkanlara malik birliklərlə əvəzlənir”

 
Xəbər verdiyimiz kimi, dekabrın 24-ü Prezident İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışında olub. Ölkə rəhbəri komando briqadalarının yaradılmasından danışıb:
“Hadrutdakı bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir”. 
Dövlət başçısı komando briqadalarının istənilən hərbi vəzifəni icra etməyə qadir olacağını vurğulayıb: 

“Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax, bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”. 

Prezident diqqətə çatdırıb ki, belə briqadalar çox olacaq:

“Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”. 

Bu hərbi briqadaların yaradılmasını zəruri edən amillər barədə “Sherg.az”a danışan siyasi şərhçi Aqşin Kərimov bidirib ki, postmünaqişə dövründə ortaya çıxan risklərin hərbi müstəvidə dəf edilməsi məsələsi Azərbaycan ordusu qarşısında yeni çağırışlar qoyub:

“Bu çağırışlardan biri də Türkiyə modelli ordu sisteminin yaradılmasıdır. Türkiyə modelli şəxsi heyət orduda çevikliyi, peşəkarlığı daha da artırır. Bu mənada komando hərbi hissələrinin açılması hərbi prioritetlər siyahısındadır. 

Komando hərbi hissələr nəyə xidmət edir? Bu, o deməkdir ki, müdafiə konsepsiyasında böyük, lakin peşəkarlığı elə də yüksək səviyyədə olmayan kontingent daha kiçik, mobil, lakin keyfiyyətcə üstün imkanlara malik birliklərlə əvəzlənir”. 

A.Kərimov bunu da əlavə edib ki, komando hərbi hissələrdən biri də Hadrutda açılıb:

“Prezident İlham Əliyev də açılışda iştirak edib. Rəsmi məlumatlardan çıxarış etsək, deyə bilərik ki, bu, sayca üçüncü komando hərbi hissəsidir. Ölkə başçısı Hadrutda yeni hərbi hissənin açılışında deyib ki, belə briqadaların sayı çox olacaq. Nəzərə alaq ki, Türkiyədə komando birlikləri antiterror əməliyyatlarında böyük rol oynayır. Ümumiyyətlə, komando hərbi birlikləri hazırlıqlı olduğuna görə, hər hansı döyüşlərdə çox itki vermək riskini aşağı salır”.