Qazaxıstanı türk yolundan döndərmək istəyən güclər görünür

Etiraz aksiyaları və onun nəticələri qazax xalqının xeyrinə nəticələnməyəcək

Qazaxıstanda yaşanan son olayların Azərbaycan və Türkiyənin diqqət mərkəzində olması təbiidir. Çünki Qazaxıstan Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biri sayılmaqla yanaşı, həm də real türk birliyinin yaranmasında Orta Asiyanın digər respublikaları ilə müqayisədə daha çox maraqlı olması ilə diqqət çəkir. Bu ölkə soykök, milli mənsubiyyəti etibarilə bizə ən yaxın ölkələrdən sayılır. Son 30 ildə Qazaxıstan Azərbaycana qarşı hər zaman isti münasibət bəsləyən bir ölkə kimi digərlərindən fərqlənib. 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması prosesində Qazaxıstan birmənalı olaraq Azərbaycanın yanında olub. Qeyd olunan məsələlərin hamısında Qazaxıstanın qurucu lideri və birinci prezidenti Nursultan Nazarbayevin rolu və xidmətləri danılmazdır. O səbəbdən dost və qardaş ölkədə cərəyan edən prosesləri yaxından, həm də narahatlıqla izləməyimiz də anlaşılandır. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki, sosial-iqtisadi tələblərlə başlayan, sonradan siyasi şüarlarla əvəzlənən, eyni zamanda xaotik, dağıdıcı prosesə çevrilən etiraz aksiyalarından narahatlıq keçirməmək mümkünsüzdür. Partiya rəhbərinin sözlərinə görə, zorakılıqla, yanğınlarla və toqquşmalarla müşayiət olunan aksiyalar dövlətçiliyə, milli müstəqilliyə, suverenliyə zərər verəcək istiqamətə yönəlir: 

“Çox istərdik ki, qardaş ölkədə iğtişaşlar dramatik hal almadan tezliklə başa çatsın. Çünki hədəfləri və tələbləri tez-tez dəyişən idarəolunmaz kütlənin dağıdıcı enerjisi sonda ya dövlətçiliyin tamamən süqutuna gətirib çıxara, ya da Qazaxıstanın kənar qüvvələrdən, qonşuluqdakı supergüclərdən - Çin və Rusiyadan asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər. Həmçinin, baş verənlər Putinin Belarus kimi Qazaxıstanı da Rusiyadan asılı vəziyyətə salması ilə yekunlaşar. Qazaxıstanda hökumətin istefaya göndərilməsinə, Almatıda prezident iqamətgahının, digər inzibati binaların yandırılmasına sevinmək təəssüf hissi doğurur. Məsələyə bu qədər dar çərçivədən yanaşmaq heç də sağlam siyasi təfəkkürün əlaməti deyil. Əgər kənar qüvvələr Qazaxıstanda baş verən hadisələrə bu və ya digər şəkildə müdaxilə etməyə, prosesləri öz geosiyasi maraqlarına uyğun məcraya yönəltməyə başlasalar, etiraz aksiyaları heç də qazax xalqının xeyrinə nəticələnməyəcək. Başa düşməliyik ki, son illərdə türk birliyi istiqamətində olduqca əhəmiyyətli addımlar atan Qazaxıstan kimi bir ölkəni tutduğu hazırkı yolundan döndərmək istəyən, onu “satelit” ölkə halına gətirmək istəyən böyük güclər var. Nazarbayevin türk birliyinə inteqrasiya istiqamətində atdığı addımlar bu ölkənin böyük qonşularını heç də məmnun etmirdi. Onlar Qazaxıstanın Qərbyönlü və Turan birliyinə hədəflənmiş kursunu əngəlləmək üçün daim mümkün yollar axtarır, uyğun məqam gözləyirdilər”. 

Ə.Hüseynov vurğulayıb ki, son günlər Qazaxıstanda baş verən proseslər qonşuların – Çin və Rusiyanın geosiyasi, geoiqtisadi maraqlarını gerçəkləşdirmələri üçün əlverişli fürsət kimi görünür: 

“Qazaxıstanın inkişaf etmiş güclü və demokratik bir türk dövləti kimi beynəlxalq arenada söz sahibinə çevrilməsi Azərbaycanın da maraqlarına uyğundur. Proseslərə məhz bu yöndən yanaşmalıyıq və ilk növbədə dost ölkənin sabitliyinə önəm verməliyik. Qardaş qazax xalqı gerçəkdən də sülh və əmin-amanlıq şəraitində, rifah içində yaşamağa layiq xalqdır. Həm hakimiyyətin, həm də qazax xalqının sağlam düşüncəyə əsaslanaraq kompromisə gəlməsi son nəticədə Qazaxıstanın qalib gəlməsi deməkdir. Ümid edirik ki, dost və qardaş ölkədə asayiş ən qısa müddətdə bərqərar olacaq”.