Düşmən təxribatı! – “Barıtımızı quru, “Dəmir yumruğu” hazır saxlamalıyıq”

Son vaxtlar Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiya və demarkasiyası, eləcə də iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələr aparılır.
Münasibətlərdə yeni mərhələyə qədəm qoymaq planlansa da, görünür, rəsmi İrəvan təxribat meyllərini sonlandırmaq fikrində deyil.

Belə ki, yanvarın 27-si Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusu qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur. Əməliyyat şəraiti tam nəzarəti altındadır.

Rəsmi İrəvanın təxribatçı mövqe sərgiləməsinni “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov açqılamasında bildirib ki, təəccüblü bir hadisə yoxdur:

“Azərbaycan xalqı Vətən müharibəsində qələbə qazanandan sonra  bütün fikirləri sülh və qonşuluq münasibətlərinin qurulması ilə bağlıdır. Ermənistanın daxilində, xaricində müəyyən qüvvələr var. Onlar regionda gərginlik törətmək istəyirlər. Rəsmi İrəvanın daxilində artıq sülh müqaviləsi, demarkasiya və delimitasiya məsələsində, sərhədlər barəsində işlər praktiki istiqamətdə yönəldikcə, həmin qüvvələrin aktivliyini müşahidə edirik. Ümumiyyətlə, düşmən mövqeyində olan dövlətlə həmsərhəd olduğumuzu bilməliyik. Belə  halda post-müharibə dövründə düşmən mövqeyində olan qonşudan başqa şey gözləmək düzgün olmaz. Ermənistanın Azərbaycana qarşı düşmənçiliyinin tarixi köklərindən məlumatlıyıq. Əlbəttə, digər tərəfdən rəsmi İrəvanın daxilində və xaricində diasporun, həmçinin  müəyyən diaspor fəaliyyəti arxasında dayanan böyük dövlətlərin təsirini vurğulamalıyıq”.

Ş.Ramaldaovun sözlərinə görə Ermənistanla sərhəd təmas xəttinə bənzəyir:

“Azərbaycan Ordusu əli silahlı, səngərdə Ermənistanla sərhəddə xidmət göstərir.  Rusiya, İran, Gürcüstanla sərhəddə dayanmırıq. Ermənistanla sərhəd təmas xəttinə oxşayır. Təmas xətti sərhəddə keçir. Hər iki tərəf tam silahlanmış şəkildə  sərhəd xidmətlərinin atributları olmadan, demək olar ki, “sərhəd xətt” kimi qəbul edir. Lakin sərhədə aid xidmət göstərilmir. Hazırda Errmənistanla bütün sərhəd boyu Azərbaycan mövqeləri, qarşı tərəfdə isə erməni mövqeləri var. Təxribatların baş verməsi, atəşkəslərin vaxtaşaırı pozulması təəccüblü hadisə deyil. Belə də davam edəcək. Bunu anlamalı və hazırlıqlı davranmalıyıq. Hətta delimitasiya və demarkasiya, eyni zamanda sülh müqaviləsi imzalanandan sonra təxribatların baş verməyəcəyinə inanmıram. Biz bu qonşuya qarşı həmişə barıtımızı quru, “Dəmir yumruğu” hazır saxlamalıyıq. Düşmən müvqeyində olan qonşuya yalnız güc tətbiq edərək, adekvat cavabla hər bir mövqelərini atəşlə susdurmalıyıq. Qonşu hələki ancaq güc tətbiqiylə dayana bilər. Ona görə də təxribatlar müşahidə edilir və ediləcək.  Azərbaycan Ordusu həmişəki kimi hər hansı təxribatın qarşısını almağa hazırdır, hazır olub və bundan sonra da hazır olmalıdır”.