“Həqiqətən də Zəngəzur dəhlizinın açılması artıq reallıqdır” - Ortada gerçək iradə var!



Toğrul İsmayıl: “Sözügedən koridorun açılması yönündə əngəllər törədiləcək, lakin heç kim önündə dayana bilməyəcək"

Prezident İlham Əliyev Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Onlayn görüş zamanı dövlət başçısı bir sıra məqamlara diqqət çəkib.
Azərbaycan lideri həmçinin Zəngəzur dəhlizinun artıq reallığa çevrildiyini vurğulayıb:

"Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq".

Zəngəzur dəhlizinin açılması ilə bağlı "Sherg.az"a danışan Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Kahraman Maraşdakı "Sütçü İman” universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayılın qənaətincə, dəhlizin işlək vəziyyətə gəlməsi olduqca vacibdir:

"Zəngəzur məsələsi üçtərəfli bəyannamədə əksini tapıb. Tərəflərin yanaşmasında fərqlilik var. Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində sərbəst keçid tələb etdiyi halda, Ermənistan tərəfi gömrük məsələsini və qarşılıqlı hərəkət mövzusunu gündəmə gətirirdi. Azərbaycan digər alternativ məsələlərin həllinə çalışdı. İran İslam Respublikası ilə əldə edilən razılaşmaya görə, onların ərazilərindən Naxçıvana keçidin təmini baş tutdu. 

Üçtərəfli bəyanata əsasən, dəhlizin açılması gündəmə gəlib. Hər şey faktiki ortadadır ".

T.İsmayıl diqqətə çatdırıb ki, Ermənistan dünya qarşısında iddia edirdi ki, Azərbaycanla Türkiyə onu blokadaya salıb, kommunikasiyaların açılmasına şərait yaratmır. Amma Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasına dair ortaya gerçək iradə qoyduğu üçün dünyaya Ermənistanın söylədiklərinin bəhanə olduğu mesajını ötürürlər: 

“Ermənistanın mahiyyətini nəzərə alsaq, əngəllər çox olacaq. Amma Azərbaycan Türkiyə ilə “Şuşa Bəyannaməsi” imzalandıqdan sonra ortaq dövlət ağlı ilə irəliləyərək bölgədə geosiyasi durumu leyhinə çevirmişdir. Bu da Azərbaycanın və Türkiyənin istəyi xaricində hər hansı layihənin gerçəkləşməsinin imkansız olduğu mənasına gəlir. Həqiqətən də Zəngəzur dəhlizi məsələsi artıq reallıqdır. Onun açılması yönündə əngəllər törədiləcək, lakin heç kim önündə dayana bilməyəcək".