Səadət Bənənyarlı: “Əfv Komissiyasının fəaliyyətini genişləndirməsi fonunda növbəti əfvin may ayında olacağını güman edirəm”
“Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil”
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Toplantıda komissiyaya daxil olan müraciətlərə baxılacaq. Komissiyanın iclaslarının 28 May - Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçiriləcəyi bildirilir.
Qeyd edək ki, Komissiyanın indiyədək keçirilən iclaslarında 200-dən çox müraciətə baxılıb.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında 28 May – Respublika Günü ilə bağlı əfv sərəncamı olacağını deyib:
“Əfv Məsələləri Komissiyası il boyu toplantı keçirib onlara daxil olan müraciətləri dəyərləndirir. Amma son vaxtlar iclasların mütəmadi xarakter alması bizim də ümidlərimizi artırır. Bu istiqamətdə növbəti addımın atılacağı real görünür. Bu zaman yəqin ki, bir çox məhkumlar azadlığa qovuşacaq. Artıq Əfv Komissiyasının fəaliyətini genişləndirməsi fonunda növbəti əfvin may ayında olacağını güman edirəm. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil. Təbii ki, biz istərdik ən yaxın zamanda ölkə başçısı cəza müddətinin çox hissəsini çəkmiş və artıq islah olunmuş yüzlərlə məhbusun azadlığa buraxılması ilə bağlı gözlənilən Sərəncamı imzalasın.
Fəaliyyətimiz də ancaq buna istiqamətlənib. Hər bir məhbusun azad edilməsi ailəsi üçün böyük sevincdir. Ümid edirəm çox insanlar, xüsusilə cəmiyyət üçün maraq kəsb edənlər azad olunacaqlar. Biz də öz siyahımızı təqdim etmişik. Siyahıda kifayət qədər məhbusun adı var. Mən inanıram ki, bizim siyahımız nəzərə alınacaq və kifayət qədər insan azadlığına qovuşacaq. Çünki bizim siyahımız başqa hüquq müdafiəçilərinin siyahısı kimi çox deyil, konkret sayı əhatə edir. Kifayət qədər lazımlı və dəqiq siyahıdır”.