Azərbaycan Prezidenti İlham Əliyev və Ölkəmizn Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mayın 10-da Füzuli rayonu və Şuşa şəhərinə səfər ediblər.
Onlar Şuşadakı Şirin su hamamında, Realnı Məktəbində, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsinə nəzər salıblar.
Dövlət başçısı Şuşa şəhərindən müraciətində Qarabağın dirçəldiyini söyləyib:
"Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq".
Azərbaycan liderinin sözlərinə görə, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır:" Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".
Qeyd edək ki, Şuşada Mehmandarovların malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu aparır.
Azad edilmiş ərazilərdə görülən işləri "Sherg.az"a dəyərləndirən millət vəkili Elman Məmmədovun qənaətincə, 44 günlük Vətən müharibəsi qələbə ilə yekunlaşdıqdan sonra Prezident qəti şəkildə mövqeyini açıqlayır:
"Bizim qələbəmiz əbədidir, torpaqların sahibiyik. Düşmən torpaqlarımızı işğal etmişdi, indi biz ərazilərimizi azadlığına qovuşdurmuşuq. Ərazi bütövlüyümüzün təmin edilməsi, dövlətçiliyimizin qorunması üçün nə lazımdırsa, edirik, edəcəyik və etməliyik. Düşmən işğalçılıq ideyasından əl çəkmir.
Həmişə müəyyən təhlükələrlə üzləşə bilərik. Ona görə də, ayıq-sayıq olmalı, ehtiyatı əldən verməməliyik. Dövlətçiliyimiz günü-gündən möhkəmlənir, iqtisadiyyatımız güclənir, ordumuz qüvvətlənir. Azərbaycan ordusu hər an döyüşə hazır vəziyyətdədir.
Düşmənin bugünkü hərəkətləri doğru yolda olduğumuzu göstərir. Gələcəkdə böyük uğurlar, qələbələr bizi gözləyir. Prezident Şuşanın işğaldan azad olunması və dövlətimizin qurucusu, Ulu Öndərin doğum günündə bölgələrə səfərə yollanır. Dünyaya sülh istədiyimizin mesajını ötürür. Yaradıcı, qurucu xalqıq. 30 il ərzində düşmənin viran qoyduğu ərazilərdə surətli tikinti, abadlıq işləri aparırıq. Torpağın əsl sahibləri yaxın vaxtlarda bu ərazilərdə məskunlaşacaqlar.
Hər səfərdə də nə qədər bünövrələr qoyulur, açılışlar edilir, işlərə baxış keçirilir. Hamısı xalqımızın gələcəyi üçündür".