Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarına yollanıb. H.Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə həmkarı Karen Donfridlə görüşü gözlənilir.Sözügedən danışıqların ABŞ Dövlət Departamentində keçiriləcəyi bildirilir.
Həmçinin mətbuata qapalı olacağı barədə kütləvi informasiya vasitələri xəbər verir.Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyinin üzvləri və Aİ səfirləri ilə görüşüb.
Səfəri şərh edən politoloq Turab Rzayev “Sherg.az”a açıqlamasında bildirib ki, dünyada baş verən qlobal, geopolitik dəyişikliklər Azərbaycanın strateji, coğrafi məkan baxımından, nəqliyyat logistik cəhətdən və s. əhəmiyyətini artırır:
“Qısa müddət ərzində ABŞ rəhbərliyinin iki dəfə ölkə prezidentimizə məktub yazması təsadüfi deyil. Bütün bunlar Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməkdə olduğunu göstərir. ABŞ da bundan istifadə etmək istəyir. Bunlardan biri əlbəttə ki, Azərbaycanın nəqliyyat logistik imkanlarıdır. Ölkəmiz Şərq-Qərb dəhlizinin üzərində yerləşir. Eyni zamanda xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Çindən gələn əsas arteliyaların biri də Mərkəzi Asiyadan keçməklə məhz Avropaya gedir. Digər önəmli məsələ Avropanın enerji təhlükəsizliyidir. Dövlətimiz öz karbohidrogen ehtiyatları ilə mümkün qədər təbii neft və qaz nəqlini artıraraq, Rusiyanın təbii ehtiyatlarını əvəz etməyə çalışacaq. Həmçinin Azərbaycan tranzit ölkə olaraq, Türkmənistan, İran və Qazaxıstan neft və qazını Avropaya çatdıra bilər. Nəticədə tranzit imkanları genişlənər. Bundan başqa, ola bilsin ki, Azərbaycan öz ərazisinin, Xəzərin külək və günəş enerjisindən istifadə edib, Avropaya ötürmək istəyir. Bununla əlaqədar Qara dənizin dibindən Ruminiyaya elektrik kabellərin çəkilməsi nəzərdə tutulur. Ən əsası isə təbii ki, Qarabağ gündəmidir. Bu mövzu bizim üçün olduqca əhəmiyyətlidir. İndiki məqamda Qarabağla bağlı sülh danışıqları yekunlaşmaq üzrədir. Brüsselin, Avropa İttifaqının vasitəçiliyi həyata keçirilir. Azərbaycan tərəfi mövcud reallıqlardan faydalanaraq, Qarabağa dair sülh danışıqlarının ölkəmizin lehinə nəticələnməsinə çalışacaq. Düşünürəm ki, ən əsas mövzulardan biri də bu olacaq. Bundan əlavə, Ukrayna münaqişəsindən sonra da bölgədə yaranan yeni geopolitik reallıq da xüsusi olaraq, müzakirə olunacaq".