ABŞ prezidenti Cozef Bayden 907-ci düzəlişin ləğvi müddətini uzadıb. Bu barədə müvafiq qərar imzalayıb. Qeyd edək ki, 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”dır. Bunu ilk dəfə Senator Con Makkeyn təklif edib. Lakin qəbul olunmayıb. Daha sonra yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens Konqresdə irəli sürüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəlişi erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres qəbul edib.
O vaxt senator olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb. Dəfələrlə onun dayandırılmasına qarşı çıxış edib.2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az" açıqlamasında bildirib ki, son zamanlar ABŞ və Azərbaycan liderləri səviyyəsində münasibətlərin qurulması, genişləndirilməsi, qarşılıqlı səfərlər, əslində hər iki ölkənin əlaqələrinin yeni bir mərhələyə keçdiyini göstərir:
"Nəhayət, sonuncu olaraq, Prezidentimizin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri və Ağ Evdə qarşılanması Azərbaycana verilən dəstək idi. Görüş prosesindən sonra hər kəs anladı ki, Amerika ölkəmizə qarşı mütləq şəkildə bir jest edəcək. Eyni zamanda hansısa məsələlərdə müəyyən qədər dəstək verə bilər. Belə də oldu. Artıq 907-ci düzəlişin dayandırılması ilə bağlı fikirlər mövcuddur. Düşünürəm ki, ləğv olunması ehtimalı var. Əlbəttə, burada əsas maneə erməni lobbisinin ABŞ Konqresinə basqısıdır. Amma Ermənistan sülhə gedən yolda Azərbaycanın üzərinə qoyulmuş sanksiyaların ənəglənməsinə maneəçilik törətməyəcək".
Politoloqun qənaətincə, Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Azərbaycana böyük dəstək göstərməsinin əsas səbəblərindən biri rəsmi Moskvanın rəsmi Kiyevdən sonra növbəti münaqişə ocağının Qarabağda yaxud da digər ərazilərdə yaranmasının qaşısını almaqdır:
"Həmçinin Xəzər karbohidrogen yataqlarının Azərbaycan vasitəsilə xaricə çıxarılmasını təmin etməkdir. Bunların hər birini nəzərə alaraq, hesab etmək olar ki, problemə çevrilmiş 907-ci düzəlişin aradan qaldırılması növbəti mərhələdə baş tuta bilər".