Azərbaycan üçün  hərbi, hüquqi, siyasi şərait daha optimaldır: "Antiterror əməliyyatları..."

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının praktiki aspektlərini müzakirə ediblər.
Rusiya və Ermənistan liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, onların Azərbaycanla əlaqə saxlamamalarının səbəbi ölkə rəhbərimizin çox sərt bir mövqe ortaya qoymasıdır:

"Qarşıdakı tərəflərin hər biri anladı ki, dövlətimizin tələbləri yerinə yetirilməlidir. Bu, 10 noyabr razılaşmasına söykənən öhdəliklərdir. Ermənistan sülh müqaviləsi imzalamalıdır. 4-cü bəndə görə, terrorçu qüvvələr bölgədən çıxmalıdır. Laçın dəhlizinə alternativ yeni yol açılır, ondan istifadə etməlidirlər. Bütün bu kimi baş verən proseslərdə irəliləyiş yoxdur. Təəssüf ki, bu gün də Qarabağda erməni silahlı dəstələri ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan əsgəri Laçın rayonu istiqamətində şəhid oldu. Bunlar artıq deməyə əsas verir ki, Rusiya rəhbəri regionda yaşanan proseslərdə ya iştirakçıdır, ya da narahatdır. İstənilən halda bir neçə saat əvvəl şəhadətə yüksələn əsgərin həlak olmasında Rusiyanın məsuliyyəti, payı var. Ermənilər qədər onların da “əli”nin qana batması anlamına gəlir".

Ə.Əlibəyli hesab edir ki, sözügedən məsələlərlə bağlı ciddi şəkildə tədbirlər görüləcək:

"Artıq Azərbaycan tərəfinin icra edəcəyi addımlar içərisində antiterror əməliyyatının aksiya və ya başqa bir üsulla adekvat cavabı olacaq. Zamanla bunların şahidi olacağıq. Lakin 10 noyabr bəyannaməsi altında razılaşması olan Vladimir Putin, həmçinin Nikol Paşinyan öz öhdəliklərinə əməl etməlidirlər. Çıxış yolu yoxdur. Azərbaycan üçün hərbi, hüquqi, siyasi şərait daha optimaldır. Bu məsələdə ölkəmizin antiterror əməliyyatları həyata keçirməsi çox rahatdır".