“İran XİN sözçüsü Ermənistan leyhinə bəyanatlar səsləndirərkən Rusiya KTMT nümayəndəsini Ermənistana göndərir, Fransa və ABŞ tərəflərə dərhal atəşkəs çağrışı edir”
“Həmin dövlətlər digər məsələlərdə ziddiyyətli fikirlərə sahib olsalar da, Qarabağ məsələsində Ermənistanın yanında yer almağa çalışırlar”
"Ermənistanın və ona dəstək verən qüvvələrin ölkəmizə qarşı tutduğu təxribatçı mövqe Azərbaycanı regionda xüsusilə də, Qarabağ bölgəsində mövcud vəziyyəti dəyişdirməyə vadar edir. Düşmən tərəfi təxribatları hər keçən gün daha da artırır. Ermənistanın əsas arxayınlığı Rusiya "sülhməramlıları"nın bölgədə olması, İran, Fransa və ABŞ-nin Ermənistana dəstək verməsindən qaynaqlanır".
Bu sözləri "Sherg.az"a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin istənilən təxribatının qarşısını almağa qadirdir:
"Ermənistanın müti qul xislətini anlayan həmin dövlətlər fürsəti fövtə vermək niyyətində deyillər.
Əgər Ermənistanın və ona dəstək verən qüvvələrin yol verdiyi təxribatları Azərbaycan tərəfi etsəydi, o zaman həmin dövlətlərin hər biri Ermənistanın müdafiəsinə qalxacaqdı.
Son baş verən proseslərdən belə aydın oldu ki, nə İranla eyni dini və əqidə mənsubiyyətinin, nə 22 Fevral 2022-ci ildə Rusiya ilə imzalanmış müttəfiqlik bəyannaməsinin, nə Fransa ilə uzun illər ərzində davam edən tərəfdaşlığın, nə də Azərbaycanı Xəzər hövzəsində özünə əsas müttəfiq hesab edən ABŞ-nin Azərbaycana qarşı niyyətləri safdır.
Eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin təmininin sözügedən dövlətlərin maraqlarına uyğun gəlmədiyi anlaşıldı. Məhz buna görə əsas istəkləri Ermənistan-Azərbaycan arasında danışıqlar prosesini beşiyindəcə pozmaqdır".
S.Hümbətov bildirib ki, Azərbaycana dildə həmrəylik göstərsələr də, əməldə bunun əksini nümayiş etdirirlər:
"Bir neçə gün öncə Azərbaycan tərəfi beş erməni terrorçunu Ermənistana təhvil verdi. Hətta İran daxil bütün sözügedən dövlətlər bunu xoş qarşıladıqlarını bildirdilər. Amma 12 Sentyabr hadisələrində isə Azərbaycana dəstək məsələsi qətiyyən gündəmə gəlmədi. Üstəlik İran XİN sözçüsü Ermənistan leyhinə bəyanatlar səsləndirərkən Rusiya KTMT nümayəndəsini Ermənistana göndərir, Fransa və ABŞ tərəflərə dərhal atəşkəs çağrışı edir.
Həmin dövlətlər digər məsələlərdə ziddiyyətli fikirlərə sahib olsalar da, Qarabağ məsələsində Ermənistanın yanında yer almağa çalışırlar. Ermənistanın sülh prosesinə gəlmək fikri yaranmağa başlasa da, belə təxribatçı hərəkətlərlə onu fikrindən daşındırırlar.
Nəticə etibarilə Cənubi Qafqazda 30 ildir ki, gərginlik bitmir. Nə qədər ki, ikili oynayan tərəflər regiona təsir etmək istəyir və Ermənistan da onların əlaltısına çevrilib həmin müddət ərzində regionda sülhü düşünmək belə çətin olur".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri “D-30”, “D-20” topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir: “Əməliyyat şəraiti ordumuzun nəzarətindədir”.