"Dünən Səmərqənddə lentə alınan tarixi foto dünyanın yenidən bölüşdürülməsinin, Ermənistanın məğlubiyyətinin fotosudur. Ukrayna müharibəsi başlayandan Qərb, Rusiya və Çin yeni oyunun arxasındadılar. Oyunda iştirak etməyən dövlətlər "qurbanlıq quzu" rolundadılar. Gücə ehtiyac var. Güc isə iqtisadiyyatda, müttəfiqlərdə, coğrafiyadadır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Onun fikirlərinə görə, Amerikasız, Qərbsiz, qlobal güclərin regional gücə çevrilmə dönəminin yaşandığı anın görüntüsüdür:
"Azərbaycan Rusiya və İranla qonşudur. Şərqlə Qərb, Avropa - Asiya, Şimal-Cənub arasındadır. Türk dünyası ilə birlikdədir. Möhtəşəm geosiyasi mövqeyə malikdir.
Həmin fotonun tarixçəsinə qədər prosesləri düzgün incələyib. Ukrayna və Rusiya ilə saziş imzalayıb. Qarabağ məsələsinin böyük ölçüdə həllinə nail olub. Növbəti addım kimi sözügedən masada müzakirə edəcəyimiz hədəflərin dünyanın gücü tərəfindən də qəbul edilməsinin fotosudur.
Türk dünyasının ağırlığının, Rusiyanın həqiqətləri qəbullanmasının, ŞƏT-də Çindən başlayıb Böyük Britaniyadək davam edən ipək yolunun ssenarisinin təzahürüdür. Gələcəkdə güclü dövlətlər öz mövqelərini diqtə edəcəklər. Dünyanın yarısı fotoda təmsil olunur. Dünya ərazisinin, iqtisadiyyatının, siyasi gücünün üçdə biri deməkdir. Yeni dünyanın müxtəlif qütblərə bölünməsi və yaxud yenidən bölünməsinin görünüsüdür".
Qeyd edək ki, sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti baş tutub. Həmin gün dövlət başçılarının Səmərqənddə qeyri-formal görüşü gerçəkləşib.
Zirvə görüşündə liderlərin qeyri-rəsmi məclisindən çəkilən şəkil sosial şəbəkələrdə günün ən çox paylaşılan fotosu olub.
ŞƏT-in sammitinin sentyabrın 15-16-da baş tutması nəzərdə tutulub.