"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başladığı dövrə təsadüf etdi. Səfər öncədən planlaşdırılmışdı və hələ Füzuli aeroportunun açılışı zamanı R.T.Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının da açılışında iştirak edəcəyini demişdi".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev söyləyib.
Siyasi şərhçinin fikirlərinə görə, Ərdoğanın həm Füzuli, həm də Zəngilan aeroportlarının açılışına qatılması iki ölkənin regional aviasiya siyasətinin inkişaf etməsi kimi şərh edilə bilər:
"Türkiyə lideri Cəbrayıl şəhərində mətbuata açıqlamasında “Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur” dedi.
Ərdoğan Zəngəzur dəhlizi barədə qorxu və narahatlıq keçirən “bəzi dairələr“ deyərkən konkret İranı nəzərdə tutub. Çünki regionda yalnız İran Zəngəzur dəhlizinin açılmasından narahatdır. İranın Zəngəzur dəhlizinə dair narahatlığını göstərən digər fakt da rəsmilərin tez-tez dilə gətirdiyi “Sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” ifadəsidir.
“Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğanın sözügedən ifadəsindən də görünür ki, Bakı və Ankara üçün Zəngəzur dəhlizi hazırda Qarabağın işğaldan azad edilməsi qədər vacibdir. Zəngəzur dəhlizi, hətta Türkiyə və Azərbaycan üçün “qızıl almadır” və Zəngəzur dəhlizi heç bir ölkə üçün təhdid, təhlükə demək deyil. Əksinə, regionun inkişafı sabitlik sülh və əmin-amanlıq baxımından zəruri, vacib məsələdir".
Analitikin qənaətincə, Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır:
"Ankara bir daha Tehrana mesaj verir ki, heç kəs Bakı ilə təhdid ritorikasında danışa bilməz. İranın Araz çayı boyunca keçirilən təlimlər rəsmi Bakı üçün açıq mesaj idisə, Ərdoğanın Zəngilana və Cəbrayıla səfər etməsi də rəsmi Tehran üçün ismarışdır.
Prezident İlham Əliyev ilə R.T. Ərdoğanın təkbətək görüşü zamanı da İranın Araz çayı boyunca keçirdiyi təlimləri müzakirə etmələri mümkündür. Tehranın açıq hədələrinə qarşı Ankara və Bakını hansı addım atmalı olduğu müzakirə mövzusu ola bilər.
Ərdoğan deyir:“İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”.
Görünür, Türkiyə vəziyyətdən məmnundur. Çünki hava limanları həm də hərbi-siyasi infrastrukturun tərkib hissəsidir. Aeroportların ölkələr üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hava hücumundan müdafiə strategiyasını beynəlxalq mərkəzləşmiş idarəetmə sistemi çərçivəsinin içərisinə daxil edir".
Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Oktyabrın 26-da Azərbaycana səfər edən R.T.Ərdoğan gəldiyi Zəngilan Beynəlxalq Hava Limanından yola salınıb.