“Ermənistan yaxın müddətdə Azərbaycanın təklifləri əsasında sülh müqaviləsini imzalamalı, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələsini həll etməlidir”
“Çünki regiona sabitliyin gətirilməsi və Ermənistanın bir dövlət kimi öz mövcudluğunu qoruması bundan asılıdır"
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib.
Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir daha sağ olun.
Soçi görüşündə çox mühüm açıqlamaların olduğunu deyən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, ölkə başçısının “Qarabağ məsələsi artıq tarixdir” fikri məsələnin bitdiyinə dair mesajdır:
“Azərbaycan 44 günlük müharibədən sonra bu səhifəni artıq qapatdı. Hazırkı əsas mövzu Azərbaycan və Ermənistan arasındakı əlaqələrdir. Rəsmi Bakı artıq 5 prinsipdən ibarət təklifini verib və bu təklif beynəlxalq hüquq normalarına əsaslanır. Vasitəçilik etmək istəyən bütün ölkə və qurumlar bu prinsipləri qəbul edib. Bu səbəblə də gələcəkdəki danışıqlar sırf həmin mövzuda olmalıdır. Ermənistan yaxın müddətdə Azərbaycanın təklifləri əsasında sülh müqaviləsini imzalamalı, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələsini həll etməlidir. Çünki regiona sabitliyin gətirilməsi və Ermənistanın bir dövlət kimi öz mövcudluğunu qoruması bundan asılıdır".